Qarabağ və İrəvan ermənilər arasında çaxnaşma-Geri dönsələr nələr olacaq?

Bölmə: Siyasət › ,
Tarix: 20:00 29.09.2023

Qarabağdakı ermənilərin Ermənistana getməsi İrəvan daxilində qarşıdurmalara yol açıb. Erməni mətbuatı İrəvanda yerli ermənilərlə Qarabağ erməniləri arasında çaxnaşma yaşandığını yazır. Üstəlik, sosial şəbəkələrin erməni seqmentində də Qarabağdan gələnlərə birmənalı reaksiya yoxdur.

 

Bütün bunlar həmin şəxslərin Ermənistandakı təzyiqlər səbəbindən Azərbaycana geri dönmə ehtimallarını gündəmə gətirib. Eyni zamanda dünya mediasında guya onların bu bölgədən zorla  qaçqın düşdüklərinə dair də qarayaxma kampaniyasına  başlanıb. Bəs Beynəlxalq hüquq nə deyir? Qarabağı öz istəklərilə tərk edən ermənilərin gələcəkdə Azərbaycana qarşı iddia qaldırmaması üçün hansı addımlar atılmalıdır?

 

İrəvan erməniləri Qarabağdan gələnləri qəbul etmək istəmir. Hətta artıq tərəflər arasında ilkin qarşıdurmalar da yaşanır. Qarabağdan qayıdan ermənilər Ermənistan sakinlərini xəyanətdə ittiham edir, İrəvanlılarsa qarşı tərəfi qorxaq adlandırır. Azərbaycanın Qarabağ ermənilərinə vətəndaşlıq təklif etdiyi halda ermənilərin ərazini tərk etməsi tərəflər arasındakı bu narazılıqları bir qədər də şiddətləndirib. Sosial şəbəkələrdə isə Qarabağın erməni sakinlərinin Ermənistana istiqamət tutmasında   birbaşa keçmiş xunta rejimi gühalandırılır. Ermənilər bölgənin erməniəsilli əhalisinin keçmiş  separatçı rejim tərəfindən Ermənistana göndərildiyini etiraf edir.

 

Erməni bloger Natali Aleksanyan məsələni belə qiymətləndirir: “Sizlərdən hansınızın Qarabağ bandasının törətdiyi soyğunçuluqdan, onların İrəvanda və dünyanın digər paytaxtlarında olan mülklərindən xəbəri yox idi? Görmürdünüz ki, Qarabağdakı "rəhbərlər" pafoslu ad altında Ermənistanın pullarını açıq-aşkar sovurub, Qarabağ əhalisinə qarşı repressiya edirdi? Özüm dəfələrlə onların soyğunçuluqlarından danışmışam, hətta fotoşəkilləri və canlı şahidləri gətirmişəm. Bu gün Qarabağ ermənilərinin indiki vəziyyətinin bir nömrəli günahkarıının onların olduğunu kim bilmir? Ermənilərin azərbaycanlılarla mehriban ünsiyyətdə olmasını əks etdirən kadrları görmüsünüzmü, ermənilərə niyə getdiklərini soruşduqda cavab verirlər ki, “deyirlər, gedin - biz də gedirik”. Kim onlara deyir ki, getsinlər?”.

Bütün bu faktlara baxmayaraq erməni lobbisinin maliyyələşdirdiyi media orqanları və qərb yönümlü təşkilatlardan Azərbaycanı  hədəf alan  absurd ittihamlar gəlir. Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunvericiliyi altında yaşamaq istəməyərək regionu tərk etməsi onlar üçün yeni bəhanə yaradıb. Bunlar isə gələcəkdə anti-Azərbaycan qüvvələrinin qarabağ ermənilərini  Bakıya qarşı hüquqi iddia qaldırmağa təhrik etmə  ehtimalını gündəmə gətirir. İndiyədək baş verənlərə nəzərə salsaq, bu, real görünür. 

Beynəlxalq hüquq üzrə ekspert Əfsər Sadıqov ARB 24-ə verdiyi açıqlamada bildirib ki, həmin əhalinin Azərbaycan respublikasına qarşı iddia qaldırması istisna deyil. Amma bunu qəbul edəcək məhkəmə orqanları üçün də belə bir tələb standart var ki Azərbaycan respublikası bunların hansı hüququnu pozub. Məsələ bundan ibarətdir ki, Azərbaycan respublikası bu tədbirləri görərkən özünün bağlı olduğu beynəlxalq öhdəliklərə əsaslanıb. Ona görə də bu tələbin təmin edilməsi real deyil”.

 

Mütəxəssislər deyirlər ki, Qarabağdan gedən sakinlər gələcəkdə Azərbaycana qarşı əsassız iddialar qaldırmaması üçün Laçın sərhəd buraxılış məntəqəsində könüllü şəkildə ərazini tərk etdiklərinə dair imza verməlidirlər. Həmçinin onlara  hüquqlarını əks etdirən vərəqələrin paylanması da təklif edilir. Üstəlik Ermənistana gedənlərin üzləşdiyi təzyiqlərə də nəzərə salsaq, irəliləyən vaxtlarda bu şəxslərin yenidən Qarabağa qayıtmaq istəyi də mümkündür. Azərbaycan bu halda yalnız vətəndaşlığı qəbul edən şəxslərin bölgədə yenidən yaşayışına şərait yarada bilər. Ancaq Bakı bu şəxslərə vətəndaşlıq verməzdən əvvəl bir sıra nüansları nəzərdən keçirəcək. 

Siyasi şərhçi Asif Nərimanlı belə olan təqdirdə onların keçmişinin araşdırılacağı deyilir: “Azərbaycana qarşı müharibədə və hərbi cinayətlərdə iştirak edib etməməsi diqqətə alınacaq. Onların arasından daha normal, daha sivil yaşaya biləcək insanlar seçilə bilər. Fikrimcə, burda əsas yanaşmada 90-cı illərin arxiv sənədlərinə istinad edilməlidir. Çünki 90-cı illərə qədər bu ərazidə yaşayanlar Azərbaycan vətəndaşları idilər onsuz da”.

 

Qarabağı tərk edənlərin sırasında işğal dövründə Suriya və Livandan köçürülən ermənilərin də olduğunu nəzərə alsaq Azərbaycanın həmin şəxsləri vətəndaşlıqla təmin edəcəyi gözlənilmir. Bakının tələbləri ilə razılaşan və Azərbaycan vətəndaşı olmaq isəyən tarixi qarabağ sakinlərinə isə ölkənin qapıları açıqdır.

 

Fidan