30 il sonra şəhidlər ailələrinə təhvil verilib

Bölmə: Sosial › ,
Tarix: 20:37 29.09.2023

30 il əvvəl birinci Qarabağ müharibəsində itkin düşən şəhid əsgərlər Əhməd Babaşov və Vüqar Əsədovun nəşilərinin qalıqları  doğulduqları torpaqlara gətirilib. Ailələri ilə vida mərasiminin ardınca şəhidlər dəfn olunub. 


Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Vüqar  Əsədovun  nəşinin qalıqları Qaradağın Lökbatan qəsəbəsinə gətirilib. Ailəsi və yaxınlarının iştirakı ilə şəhidlə vida mərasimi keçirilib.

 

Vüqar Əsədov 1974-cü ildə Lökbatan qəsəbəsində anadan olub. Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Kürdmahmudlu kəndin uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhdin qalıqları Xocavəndin Edilli Kəndində aşkarlanan kütləvi məzarlıqda tapılıb. 

 

Şəhidin anası Alimə Əsədova deyir ki, o, Hərbi Akademiyada oxuyurdu: “Təhsilini yarımçıq qoydu, könüllü getdi Füzuliyə döyüşə. 93-cü ildə Füzulinin bir çox kəndləri uğrunda döyüşlərdə iştirak edib. 93-cü ildə itkin xəbəri gəldi. Ağır döyüş olub. Nəhayət, torpaqlarımız alındı. 30 ildən sonra mən balama qovuşmuşam”.

 

Şəhidin nəşinin qalıqları Lökbatandakı Şəhidlər xiyabanında dəfn olunub.
Füzulinin Kürdmahmudlu kəndində itkin düşən şəhid Əhməd Babaşovun da qalıqları Xocavəndin Edilli kəndində tapılıb. 18 yaşlı Əhməd 1992-ci ildə döyüşlərdə iştirak etmək üçün könüllü cəbhəyə yollanır. O, Füzulinin Əhmədbəyli, Şükürbəyli, Seyidəhmədli kəndlərində gedən qızğın döyüşlərdə iştirak edib. 

Vida mərasiminin ardınca şəhid  Əhməd Babaşovun nəşinin qalıqları Biləsuvarın Bağbanlar kəndində torpağa tapşırılıb.