VARDANYANIN ÜMİDLƏRİ PUÇ OLDU
Bölmə: Siyasət › ,Tarix: 20:59 29.09.2023
Azərbaycanın Konstitusiya quruluşuna qarşı separatçılıq hərəkətlərində iştirak edən xunta nümayəndəsinin həbs edilməsi dünya gündəmini cəlb edib. Məsələyə beynəlxalq hüquq müstəvisindən yanaşdıqda prosesin bütün hüquq normaları çərçivəsində olduğunu müşahidə edirik. Lakin bəzi beynəlxalq təşkilatlar bu fikirdə deyil. Onların prosesə müəyyən mənada müdaxilə etmək niyyəti ola bilər.
Saxlanılan Ruben Vardanyan haqqında məhkəmənin qərarı ilə 4 aylıq həbs qətiimkan tədbiri seçildi. Separatçı rejimin qondarma nazirinin həbs edilməsi dünya ölkələrinin reaksiyalarını da paralelində gətirib. Kremldən bir növ Vardanyanın həbsinin ölkəni maraqlandırmadığı ifadə edilib. Rusiyanın prosesə bu qədər etinasız yanaşmasına səbəb isə Putinin 2022-ci ildə imzaladığı fərmandır. Fərmana görə, o, vətəndaşlıqdan çıxardılıb. Hətta ötən ilin sentyabrında xuntanın rəhbərinin özü də videomüraciət yayaraq, Rusiya vətəndaşlığından çıxdığını bildirib. Bir sözlə, Ruben Vardanyan Rusiya vətəndaşı olmadığı üçün Kremlin onu müdafiə etmək kimi bir hüququ yoxdur. Artıq rəsmi Moskvanın bu məsələdə bir marağı da qalmayıb. Rusiya ilə paralel Birləşmiş Ştatlar da məsələ ilə bağlı öz fikrini gecikdirməyib. Metyu Miller həbslə bağlı heç bir şərhlərinin olmadığını bildirib. Yəni görünən odur ki, Vardanyanı xilas edəcək heç bir yol yoxdur. Lakin, ekspertlərin sözlərinə görə, beynəlxalq təşkilatların prosesə reaksiyaları bir qədər fərqli ola bilər.
Digər tərəfdən, məğlubiyyətlərini qəbul edən qondarma “artsax respublikasının” “prezidenti” Samvel Şahramanyan fərman imzalayıb. Bununla da Xankəndidəki dırnaqarası artsax respublikasının rəsmi olaraq ləğv edildiyi bildirilib. Separatçılar artıq öz məğlubiyyətlərini demək olar ki qəbul ediblər. Qarabağdakı digər xunta nümayəndələri də onları bu aqibətin gözlədiklərini təxmin etdiklərindən artıq özləri təslim olmaq niyyətindədirlər. Bu da onların Vardanyanla eyni talehi bölüşəcəkləri mənasına gəlir.
Ekspertlərin sözlərinə görə, xuntanın bir qrupu Ermənistandakı, digər bir hissəsi isə xaricdəki qüvvələr tərəfindən maliyyələşdiyi üçün onlar arasında yaranan bu qruplaşma separatçıların sonlarını hazırlayan amillərdən olub. Bu da nəticədə onların parçalanmasına və dağılmasına gətirib çıxardıb.
Fidan