Dənizdən-dənizə "Böyük Ermənistan" xülyası puç oldu
Bölmə: Siyasət › ,Tarix: 21:05 29.09.2023
Xankənidəki separatçı rejim ləğv edildi. Bu, həm də ermənilərin dənizdən-dənizə böyük Ermənistan xülyasının yerlə bir olmasıdır. Beləliklə, Azərbaycan ədaləti öz gücü və uzaqgörən siyasəti hesabına reallaşdırdı.
Mixayıl Qorbaçovun hakimiyyəti dövründə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınan qondarma rejim 1992-ci il yanvarın 6-da "müstəqillik" elan edib. Bununla da Sovet hakimiyyətindən dəstək görən erməni ekstremistləri DQMV-nin Ermənistan SSR-yə birləşdirilməsinə dair “qərar”-la separatizm hərəkatı başladıblar. Məsələnin ironik tərəfi burasıdır ki, Ermənistan daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımayıb. 31 il sonra Ali Baş Komandan İlham Əliyev uzaqgörən siyasəti nəticəsində Azərbaycan ərazilərində qanunsuz fəaliyyətdə olan “Respublika” tarixin zibilliyinə atıldı. Belə ki, Xankəndidəki qondarma rejim özünü buraxıb. Qondarma hökumətin ləğv edildiyini separatçıların başçısı Samvel Şahramanyan açıqlayıb. Açıqlamada qeyd olunub ki, 2024-cü il yanvarın 1-dək qanunsuz xunta rejiminin tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və qondarma hökumətin mövcudluğu dayandırılsın, Qarabağın erməni əhalisi gələcəkdə orda qalma mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar. Mütəxəssislərin fikrincə, 44 günlük müharibə nəticəsində ərazi bütövlüyü bərpa olunsa da, aparılan lokal xarakterli antiterror tədbirləri 10 Noyabr bəyannaməsinin şərtlərindən biri olan qondarma rejimin buraxılmasını təmin edən əsas amildir.
Həbs olunan Ermənistan vətəndaşı olan Vardanyan toplanılan sübutlarla Cinayət Məcəlləsinin -terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Vardanyan xarici ölkə vətəndaşı olduğu halda Qarabağda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib. Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirib. Cinayətkar hüquq-mühafizə orqanlarının gözündən yayınmağa müvəffəq olmayıb. O, saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan ərazilərində pozuculuq fəaliyyəti göstərən, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə təhdid olan heç kim cəzasız qalmayacaq. qanunsuz erməni silahlı birləşmələrinin ötən müddət ərzində törətdiyi çoxsaylı terrorçuluq cinayətlərinin ibtidai istintaqı aparıldığı kimi, xalqımıza qarşı 30 il öncə törədilən cinayətlər də unudulmayıb.