QARABAĞDA HANSI PROSESLƏR HƏYATA KEÇİRİLMƏLİDİR?-Politoloqdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 14:21 02.10.2023

Qarabağla bağlı əsas məsələ həll olunsa da, həyata keçiriləsi proseslər var. Proseslərin ilkin mərhələsi haqda politoloq Natiq Miri açıqlama verib. 

 

Politoloq öncə qanunsuz silahlardan danışıb. "Təhlüləsizlik baxımdan təhlükə vəd edən bir neçə məsələlər var. Başda ermənilərin silahları təhvil verməsi mövzusu durur. Bu silahlı birləşmələrin 10 minə yaxın üzvü olduğu bildirilir. Bu günə qədər təhvil verilən atıcı silahların 25%-ə yaxını təhvil verilib. Silahın böyük əksəriyyəti əllərdədir. Bu silahların ortalıqda olması hər zaman terror hadisəsi yaşanması imkanı yaradır".Natiq Miri bu hadisələrin yaşanmaması üçün Qarabağda bütün ərazini araşdırıb silahlardan təmizləməyi tövsiyə edir.

 

Politoloq digər prosesin həyata keçirilməsini Azərbaycan məcburi köçkünlərinin Qarabağa qayıtmasında görür. Bunun üçün Qarabağda normal şərait yaradılmalıdır. "Xankəndi, Xocalı, Şuşa kəndlərində minlərlə azərbaycanlı yaşayırdı, indinin özündə buraya insanların qayıtmasına ehtiyac var. Oraya yenidən qayıtmaq üçün Qarabağda iş yerlərindən tutmuş, bütün kommunal məsələlər həll olunmalıdır. Həmin ərazilər su, qaz, elektriklə təchiz edilməlidir". 

 

Politoloq qeyd edir ki, "Azərbaycan xalqına qarşı cinayət törətmiş ermənilər Qarabağda yaşaya bilməz. Bunun üçün həmin şəxslər araşdırılmalıdır. Qarabağda bütün sahələr tədricən Azərbaycanın hüquq müstəvisinə inteqrasiya edilməlidir. Buraya sosial, iqtisadi, siyasi, dini sahələr daxildir." 

 

Həmsöhbətimiz bildirir ki, bu proseslər gələn ilin sonuna kimi yekunlaşacaq. 

 

Çinarə Muradova