SÜLHMƏRAMLILARIN BÖLGƏDƏKİ AQİBƏTİ NECƏ OLACAQ?

Bölmə: Siyasət › ,
Tarix: 15:19 02.10.2023

 

    Qondarma rejim özünü buraxdı, separatçılar bir-bir qanun qarşısına çıxarılır. Bu zaman belə bir sual ortaya çıxır. Sülhməramlı kontingentinin fəaliyyəti bundan sonra necə olacaq və onların Qarabağdan çıxması daha erkən baş verə bilərmi?

   Qarabağda tərk-silah prosesislərinin davam etdiyi bir vaxtda Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir məsələ gündəmə gəlir. Nəzərə alsaq ki, 2020-ci ilin noyabrın 10-da imzalanmış 3 tərəfli bəyanata görə Sülhməramlılar Qarabağ ərazisindən 2025-ci ildə çıxmalıdır. Belə bir məqamda məsələ ilə bağlı Rusiya tərəfdən də mövqe gəldi. Kremlin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Qarabağdakı Rusiya sülhməramlı missiyasının uzadılması imkanı Azərbaycan tərəfi ilə müzakirə olunacaq. Burda Rusiyanın Ermənistanı özünə tərəfdaş kimi görməməsi Kremlin sülhməramlılarla bağlı sadəcə rəsmi Bakının mövqeyinə üstünlük verəcəyini göstərir. Ekspertlərin fikrincə isə, separatçı rejimin tərk-silah olunması prosesi hələ də davam edir. Məhz bu baxımdan Azərbaycan ola bilsin ki, sülhməramlıların bölgədə bir müddət də qalmasının tərəfdarı olsun. Siyasi şərhçi Oqtay Qasımovun sözlərinə görə, Rusiya və Azərbaycan münasibətləri konteksi baxımından, o cümlədən Qarabağda hal-hazırda baş verən və ordakı əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiya proseslərini də nəzərə adıqda Rusiya sülhməramlılarının hələ bir müddət burda qalması ilə bağlı məsələ gündəmdədir. "Rusiya – Ermənistan münasibətlərinin indiki durumunu nəzərə alsaq, Ermənistanın da bu məsələdə çox da maraqlı olmadığını görəcəyik. Rusiya-Ukrayna savaşı ilə bağlı sülhməramlılar bölgəni daha tez də tərk edə bilər". 

   Digər tərəfdən antiterror tədbirlərinin nəticəsi olaraq hazırda Azərbaycan Qarabağ erməniləri ilə bağlı məsələni həll edib. Ekspertlərin fikrincə, bu və eyni zamanda Rusiyanın Ukrayna ilə əlaqədar daha çox hərbi birləşmələrə ehtiyacı baxımından sülhməramlılar bölgəni vaxtından tez də tərk edə bilər.  

ZEYNƏB