İtirən tərəf Fransa olacaq - Politoloqdan açıqlama
Bölmə: Siyasət › ,Tarix: 17:35 02.10.2023
“Fransa II Qarabağ müharibəsi və sonrakı dönəmlərdə Ermənipərəst mövqe yürütməyə başladı. Buna qədər sözdə belə olsa, balans siyasətinə üstünlük verirdi, Minsk qrupunun 3 həmsədrindən biri idi. Amma bütün balanslar pozuldu. Ermənipərəst mövqelər gücləndirilməyə başladı”.
Bu sözləri İnformator.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, sabah Fransanın Xarici İşlər Naziri Ermənistana gedəcək.
“Sözsüz ki, Azərbaycanın əleyhinə şüarlar səsləndirəcək. Qərbi Zəngəzurda konsulluq xidməti açılacaq. Bu addım birmənalı olaraq Azərbaycanın əleyhinədir. Çünki konsulluğun vəzifəsi vətəndaşlara xidmətdir. Amma Qərbi Zəngəzurda Fransa milləti var ki, onlara da xidmət göstərilsin?
Eləcə də, Fransa Ermənistanı silah-sursatla təmin edəcək. Bu hərəkətlərlə Fransa Azərbaycanı itirir. Azərbaycan bölgənin açar dövlətidir. Fransa -Azərbaycan parlamentlərarası dostluq qrupu da fəaliyyətini dayandırdı. Amma itirən Fransa olacaq. Bir müddət keçəcək. Azərbaycan-Ermənistan arasında sülh danışıqları və müqaviləsi baş tutacaq. Fransanın səhvləri isə üzə çıxacaq. Fransa yenidən Azərbaycanla münasibətləri normal qaydaya salmaq istəsə də, gec olacaq”.
HƏCƏR ƏMİRASLANLI