Azərbaycanın beynəlxalq hüquqa əsaslanan tələbləri gözardı edilir

Bölmə: Siyasət › ,
Tarix: 20:53 02.10.2023

    Ermənistan BMT-nin Beynəlxalq məhkəməsi qarşısında Azərbaycana qarşı iddia qaldırıb.  Belə ki, İrəvan Azərbaycanı  “ermənilərə qarşı irqi diskriminasiya etməkdə” ittiham edir. Bundan əvvəl də Ermənistan eyni iddialarla  Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib və tələb rədd olunub. Əvvəlki qərarını heçə sayan ermənilərin niyyəti nədir? 

   Ermənistan Beynəlxalq Ədalət məhkəməsində Azərbaycana qarşı məhkəmə iddiası qaldırıb. İddiaya görə, guya “Azərbaycan 1965-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”nı pozub”. Tələblər sırasında BMT qurumlarının Qarabağdakı ermənilərlə əlaqə hüququnun təmini var ki, bunu Azərbaycan onsuz da təmin edib. Daha sonra Qırmızı Xaç komitəsinin yerli ermənilərlə əlaqəsinə imkan yaradılması tələb olunur ki, Azərbaycan bunu da mütəmmadi həyata keçirir. Bu il Ermənistan artıq 3-cü dəfədir ki, məhkəməyə müraciət edir. Beynəlxalq hüquq üzrə eksperti Əfsər Sadıqovun ARB 24 TV-yə bildirdiyinə görə, müraciətdə əks olunan bəndlərin heç bir əsası yoxdur və səsləndirilən ittihamlar iradəmizə təsir edə bilməz. "BMT Təhlükəsizlik Şurasının qətnamələrini qeyd-şərtsiz erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarılması ifadə olunmuşdur və bu da Azərbaycan dövlətinin hələ BMT-nin də müvafiq qurumlarda təsbit olunduğu hüququnun realizəsi kimi təfsir olunacaq heç şübhəsiz. Başqa bir arqument ondan ibarətdir ki, Azərbaycan dövləti guya yolu açaraq daha çox erməninin buradan köçürülməsini təşviq edilməsi ilə bağlı bu da tamamilə yalan şeydir. Çünki Azərbaycan dövləti həm onlayn reinteqrasiya təminat sistemi qurub, xüsusən də Azərbaycan vətəndaşları ola biləcək ermənilərin Azərbaycana, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesini təmin etmək üçün bütün tədbirləri görür".

  Ermənistanın qərəzli mövqeyi hər zaman müşahidə olunub. Antiterror tədbirlərindən sonra Azərbaycanın öz ərazilərində suverenliyini tam bərpa etməsi, görünür, Ermənistanı yeni ssenari yazmağa vadar edib. Bu gün ermənilər  Qarabağdan könüllü şəkildə, heç bir məcburiyyət görmədən, onlardan fərqli olaraq  zorakılıq tətbiq edilmədən rahat çıxırlar.  Siyasi şərhçi Aytən Qurbanova deyir ki, bununla bağlı Azərbaycanın kifayət qədər sənəd və arqumentləri var.  "Deportasiya ilə bağlı etnik təmizləmə ilə bağlı bizə qarşı hər hansı bir ittiham səsləndirəcək ən sonuncu dövlət belə deyillər. Çünki əgər 20-ci əsrə nəzər yetirsək, azərbaycanlılara qarşı dəfələrlə deportasiya siyasətini həyata keçirmiş, etnik təmizləmə nəticəsində mono-etnik bir cəmiyyətə çevrilmiş bir dövlətdən danışırıq biz və bununla bağlı da hüquqi mexanizmlər çərçivəsində Azərbaycan artıq öz ittihamlarını və tələblərini səsləndirib. Çünki Qərbi azərbaycanlıların da öz ərazilərinə qayıtmaqla bağlı haqları var. Necə ki, Azərbaycan ərazisinə illər əvvəl müəyyən vəsait hesabına köçürülmüş, Qarabağ ərazisinə işğal altında olan ərazilərə və onlara aylıq vəsait ödənilərək həmin ərazilərdə 30 il müddətində saxlanılmışdı. Bu gün də eyni mərkəzdən aldığı təlimatla eyni vəsaitlərin ödənilməsi müqabilində Azərbaycan ərazisini tərk edirlər və bu qərəzli siyasətin bir parçasıdır".

   Ermənistan özü işğalçılıq, müharibə cinayətləri və etnik təmizləmə ilə bağlı beynəlxalq hüquq qarşısında cavab verməyib. Odur ki, bizim də tələblərimiz var. Həm də beynəlxalq hüquqa əsaslanan... Azərbaycan Ermənistanın əsassız iddialarına hər zaman tutarlı, əsaslı cavablar verib və verəcək.