30 İL ƏRZİNDƏ ERMƏNİ SAXTAKARLIĞINA MƏRUZ QALAN UZUNÖMÜRLÜLÜK SİMVOLU

Bölmə: Siyasət › ,
Tarix: 21:30 02.10.2023

   Torpaqlarımız azad olunduqdan sonra bir çox tarixi abidələrimizi 30 illik işğal dövründə ermənilərin necə və hansı yollarla saxtalaşdırdığını gördük, hətta, dünyaya da göstərdik. Bu dəfə işğaldan azad etdiyimiz daha bir şəhərimizdə, Xankəndinin girişində 56 il öncə öz vəsaitimiz hesabına ucaltdığımız memarlıq nümunəsinin keçmiş aqibətindən danışacağıq. Başqa sözlə desək erməniləşdirilməsindən. Xankəndi sakini Qəmbər Məhərrəmov deyir ki, indi orada elə bir tarix qoyublar ki, güya neçə yüz il bundan qabaq olub. Amma abidə 1967-ci ildə Azərbaycanın maliyəsi hesabına Xankəndinin şimalında, Əsgəran qəsəbəsinə yaxın hissədə, Bakı yolunun üzərində inşa edilib.

   “Biz Dağlarımızıq” adlanan tarixi tikilinin memarı isə Şəfi Qarayevdir. Abidənin tikintisində iştirak edənlərdən biri də Xankəndidə doğulan 86 yaşlı Qəmbər Məhərrəmovdur. "Onun yeri Ağdamdan gələndə belə dik yer idi. Ora alqasyalıq idi. Bir gün gördük bizi çağırırlar, getdik ki, traktoru salıblar oraları blaşatka ediblər. Oranı qəşəng düzəltdik. Xeyli adam gəlmişdi şəhərdən, böyüklər idi hamısı. Biz də fəhlə idik, bir neçə fəhlə var idi".

   Abidə Qarabağ bölgəsində yaşayan azərbaycanlıların uzunömürlülüyünü simvolizə edir. Yaradılma məqsədi də məhz budur. Qəmbər dayı deyir ki, ermənilər hələ tarixi tikilinin təməli qoyulanda saxtakarlıq proseslərinə başlayıblar. "Ermənilər gəldi əlində butulka var idi biton tökəndə o şüşəni də tulladı içinə".

   Bütün bu faktların fonunda ermənilər işğal zamanı “Biz Dağlarımızıq” abidəsini dünya ictimaiyəti qarşısında “Biz və Bizim Dağlar” adı ilə özününküləşdirməyə çalışıblar. Hətta bununla da kifayətlənməyib memarlıq nümunəsinin tikinti üslubunu özlərinə sərf edən formada qələmə veriblər. Məsələn, guya nənə və baba heykəlinin bir hissəsi yerin altında olmaqla onu sübut edir ki, erməni xalqı Qarabağa sonradan gəlməyib, elə hər zaman ora aid olublar. Nənən və Baba heykəlinin üzü Ermənistana tərəf baxması isə uydurduqları bu yalanlara əsas təkan olub deyə bilərik. AMEA-nın tarix institutunun əməkdaşı Faiq İsmayılovun sözlərinə görə, göstərmək istəyiblər ki, ermənilərin kökləri nəyinki indi, bir neçə əsr bu ərazilərdə mövcud olub, amma faktiki olaraq deyək ki, Xankəndinin özündə belə 1918-20-ci illərdən ora məskunlaşıblar. 18-20-ci illərə qədər Qarabağ xanlığının istirahət mərkəzi olub, əvvəlcə bu istirahət mərkəzində xan ailəsi dincəlirdi, sonra ora qulluqçular, tacirlər, sənətkarlar köç elədi. Beləliklə də, bu şəhər böyüdü. Burada hardasa 37 məhəllə yarandı. 37 məhəllədə 17 məsçid yarandı. O ki qaldı, Xankəndi yaxınlığındakı o abidəyə, o Azərbaycana məxsusdur".

  “Biz Dağlarımızıq” abidəsinin bundan sonrakı aqibətinə gəlincə, Mədəniyyət Nazirliyi məsələ ilə bağlı yaxın günlərdə ictimaiyətə açıqlama verəcək.

XƏYALƏ MÜRSƏL