BMT-nin missiyası öz məqsədləri naminə hərəkət edir
Bölmə: Siyasət › ,Tarix: 22:04 02.10.2023
Oktyabrın 1-də Qarabağa gələn BMT-nin missiyasının tərkibinə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxildir. Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olan BMT missiyasının Qarabağa gəlişinin səbəbi nədir?
Politoloq Samir Hümbətov "İnformator.az" saytına açıqlamasında Azərbaycan tərəfinin birgünlük uğurlu antiterror əməliyyatından sonra bölgədə baş verən hadisələr fonunda dünya birliyinin süni şəkildə səs-küy yaradaraq bölgəyə diqqət cəlb etmək və bəzi qüvvələrin öz maraqları naminə bu bölgədən istifadə etmək cəhdlərinin olduğunu deib. "Bildiyimiz kimi, bəzi qüvvələr Ermənistandan və dünyanın müxtəlif güc mərkəzlərindən Azərbaycana qarşı çirkin kampaniya yürütmək niyyətindədirlər. Bu məqsədlə oradan köçən ermənilərlə bağlı Ermənistan şişirdilmiş rəqəmlər səsləndirir. Xüsusilə, Paşinyan rəqəmləri kəsskin artırır, hətta yüz min və daha çox insan göstərməyə çalışır. Güya onlar oradan məcbur köçürülüb, lakin fakt sübut edir ki, orada elə bir hal yoxdur, sadəcə doğru olmayan yanaşma var. Oradan 20 mindən bir az çox insan köçüb və Azərbaycan dövləti də 1991-ci ilə kimi orada yaşamış insanlara təklif edib ki, geri qayıdıb yaşa bilərsiniz".
Samir Hümbətovun sözlərinə görə, BMT-nin missiyası öz məqsədləri naminə hərəkət edir. "Bu zaman ortaya sual çıxır ki, 1992-1993-ci illərdə Azərbaycana qarşı Ermənistanın təcavüzü və işğalı nəticəsində bir milyona yaxın məcburi köçkünün olması fonunda kim Ermənistana təzyiq elədi? Azərbaycanlı məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün hansı ciddi addımlar atıldı" Dörd qətnamə çıxarıldı və 30 il heç biri icra edilmədi. Azərbaycan özü icra etməli oldu. Düşünürəm ki, BMT-nin missiyası ola bilər ki, ora gəlsin, amma bu, Azərbaycan üçün önəmli deyil. Bizim üçün önəmli olan birinci məsələ bizim əhalinin təhlükəsizliyinin təmin olunmasıdır. Onlar da gördülər ki, Azərbaycan tərəfi lazım olan strukturların fəaliyyətinə şərait yaradıb. Artıq bütün Qarabğda Azərbaycan səhiyyəsi, polisi, təhlükəsizlik sistemi işləyir. 1991-ci ilə kimi orada yaşayan ermənilər bundan sonra rahat yaşaya bilərlər. Onlara heç bir maneə yaradılmır və Azərbaycan dövləti rəsmi olaraq bunu elan etdi. BMT nümayəndələri bunları gördü və bundan sonra artıq bu məsələyə çox da ciddi getməməlidirlər, həqiqətən də, ikili standartlarla yanaşılmazsa, əgər yanaşırlarsa, onlar hər zaman bu cür fikirləri səsləndirəcəklər".
Asiman Hafizqızı