Almaniya və Fransa: Fikirlər toqquşur! - RƏY

Bölmə: Siyasət › ,
Tarix: 15:06 03.10.2023

   Son onilliklər ərzində Almaniya-Fransa münasibətlərini izləyən hər kəs razılaşar ki, iki dövlət arasında yaxınlıqdan daha çox fikirayrılığı var. Münasibətlərdəki gərginlik xüsusilə Aİ-də əsas qərarları, o cümlədən müdafiə və ticarətlə bağlı sövdələşmələri ləngidir. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister bundan narahat olduğunu bildirib. Mütəxəssislər isə deyir ki, Aİ sabitliyinin əsası hesab edilən ölkələr arasında bir çox başqa ziddiyyətlər də var ki, onları aradan qaldırmaq asan olmayacaq.

Berlin və Paris münasibətlərinin pisləşməsi son vaxtlar diqqət çəkir. Fransa və Almaniya arasında bir çox məsələlərdəki fikirayrılığı ən çox Avropa İttifaqının işinə, o cümlədən ticarətə dair sazişlərə, xüsusilə də müdafiə məsələlərinə mənfi təsir göstərir. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister “Guardian”a müsahibəsində deyib ki, hazırda iki ölkə arasında nəzərəçarpacaq daxili koordinasiya çatışmazlığı var. Avropalı deputat hesab edir ki, Almaniyanın hazırkı kansleri Olaf Şolts Angela Merkelin Parislə 16 ildə qurduğu münasibətləri korlayıb. Makron Merkellə hər zaman kompromis tapa bilirdi. Şolts ilə belə görünür ki, bu daha çətinləşib. Məlumdur ki, Aİ-nin hərəkətverici qüvvəsi hesab edilən Fransa-Almaniya münasibətləri arasında əməkdaşlıq olmadan “işlər getmir”. Üstəlik, bir zamanlar Aİ-nin sütunlarından olan Böyük Britaniya da artıq yoxdur. Mütəxəssislər də blokun güclü işgüzar münasibətlərdən məhrum olması iddiaları ilə razılaşırlar.


Analitik Corcina Rayt bildirib: “Münasibətlər gərgindir. Fikir ayrılığına və siyasi yanaşmaya əsaslanaraq, həll olunması lazım olan bir çox məsələlər var. Biz hazırda inamsızlıq müşahidə edirik. Lakin bu, düşmənçilik baxımından 2017 və 2018-ci illərdə Böyük Britaniya və Fransa arasında baş verənlərlə oxşar deyil. Onu da unutmamalıyıq ki, Fransa-Almaniya münasibətləri Fransa-Böyük Britaniya münasibətlərindən qat-qat önəmlidir".

Bəziləri isə hesab edir ki, iki ölkə arasındakı münasibətlərdəki çətinliklər Emmanuel Makronun ambisiyaları ucbatından yaranır. Almanların iqtisadi və digər sahələrdə onlarla məsləhətləşmədən qərarlar qəbul etmələri Fransanı çox hiddətləndirir. Alman hakimiyyətinin Avropanın ən güclü ordusunu yaratmaq istəyi də fransızları qane etmir. Paris özünü Avropa müdafiəsinin əsas sütunu hesab edir. Fransa nüvə dövlətidir, Şübhəsiz ki, Aİ-də ən güclü orduya malikdir. Bundan əlavə, Almaniya bəzi digər Aİ ölkələri kimi ABŞ-dan hərbi təyyarələr almaq istəyir. Paris isə bütün bunlardan narazıdır. Və BŞ-dan aslı olmadan altıncı nəsil reaktiv qırıcıların hazırlanmasında maraqlıdır. Almaniya və digər üzv ölkələr bunu ilk növbədə fransız şirkətlərinin öz təsirlərini gücləndirmək cəhdi kimi görürlər. Parisin niyyəti baş tutarsa, Fransa qırıcını özü hazırlayacaq, Almaniya isə çox güman ki, ABŞ idxalına arxalanacaq. Bundan başqa Şoltsun Praqada Aİ-nin təkcə Qərbi Balkanlar hesabına deyil, həm də Ukrayna, Gürcüstan və Moldova hesabına genişlənməsi ilə bağlı təklifi də fransızların xoşuna gəlməyib. Hər dəfə fikir ayrılığının səbəbləri fərqli olsa da, məlum olan odur ki, Brüssel Avropanın əsas iqtisadiyyatları arasında uzanan münaqişəyə tab gətirə bilməz. 

Ekspertlər qərarları sürətləndirmək üçün daha çox siyasi impuls lazım olduğunu düşünürlər. Bir çox məsələlərin inkişafında irəliləyiş yoxdur, bura Aİ-nin Ukraynaya yardımda döyüş tankları və təyyarələri ilə bağlı əsas qərarları və Latın Amerikası ilə gələcək nəhəng ticarət müqaviləsi də daxildir. Görünür, Angela Merkelin dövründə mövcud olan Almaniya-Fransa tandeminə qayıtmaq çətin ki, mümkün olsun. Böyük ehtimalla qarşılıqlı əlaqənin bəzi yeni formaları yaranacaq. Əks təqdirdə ekspertlər Aİ-nin gələcəkdə azı iki və ya üç hissəyə bölünəcəyini proqnozlaşdırırlar: Vişeqrad dördlüyünə əsaslanan Şərqi Avropa konqlomeratı, Avropanın şimal-qərbi və cənub hissəsi. 

Siyasi şərhçi Aleksandr Kamkin: “ Mən hələ Paris və Berlin arasında münasibətlərin yaxşılaşacağına və əvvəlki vəziyyətinə qayıdacağına dair heç bir əlamət görmürəm. Hər şey Makronun mövqeyindən, Şoltsu Aİ-nin postamentindən nə qədər uzaqlaşdırmağa çalışacağından və təbii ki, Avropa İttifaqının özünün inkişaf tendensiyalarından asılı olacaq. Hələlik onlar arasındakı münasibət olduqca qeyri-müəyyəndir”.

Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının analitiki Sergey Fedorov isə hesab edir ki, Fransa ilə Almaniya arasında münasibətlərdə vaxtaşırı ziddiyyətlər yaranır, onların fikirləri bəzən fərqli olur, lakin buna baxmayaraq, həm Paris, həm də Berlin başa düşür ki, əməkdaşlığın zəifləməsi hər iki tərəf üçün pis olar. 

Vüsalə