Rusiya Ermənistandan əlini çəkmir - ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 15:17 03.10.2023
Ermənipərəst açıqlamaları, qərəzli yanaşması ilə tanınan Fransa xarici işlər naziri Ketrin Kalonna İrəvana səfər edəcək. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Diplomat səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Təbii ki, bölgədə başverən hadisələrin daim mərkəzində olmağa can atan Parisin bu dəfə də məqsədi var. Atdıqları addımları guya çətin vəziyyətdə olan erməni xalqına dəstək cəhdləri kimi çatdırmağa çalışsalar da əslində proseslərin arxasında başqa nüanslar dayanır.
Fransanın Qafqaz həmləsi genişlənir. Bir müddət əvvəl Zəngəzurda Fransa konsulluğunun açılacağını deyən Ketrin Kalonna indi də İrəvana gedir. Görünür son açıqlama ilə erməniləri lazımi qədər təsəlli edə bilməyib. Budəfəki səfərində Nikol Paşinyanla görüşdükdən sonra erməni həmkarı Ararat Mirzoyan ilə birlikdə Qarabağdan gedən ermənilərə baş çəkəcəyi bildirilir. Burada onlar üçün nə kimi vədlər verəcəyi isə hələ qaranlıq qalır. Amma bir məsələ var, fransız diplomatın İrəvan səfəri məlumatında Dağlıq Qarabağ ifadəsini işlətməsi... Ermənistanın belə artıq mövcud reallıqları qəbul edərək bu cür ifadələrdən çəkindiyi halda, Fransanın prosesi həzm edə bilməməsi Kalonnanın növbəti İrəvan gedişinin mahiyyətini izah edir.
Milli Məclisin üzvü Hikmət Babaoğlu bildirib ki, Fransa QHT-lərə, BMT Agentliklərinə və Ermənistan Qızıl Xaç Cəmiyyətinə Qarabağdan gedən ermənilərin maliyyə xərclərini ödəmək üçün daha 7 milyon avro maliyyə yardımı ayırıb:
“Adıçəkilən ölkə ilin əvvəlində də Ermənistana 5,5 milyon avro maddi dəstək verib. Hətta ölkənin keçmiş rəsmiləri kürsüdən uzaq olsalar da, əqidə yoldaşlarına dəstəkdən kənar qalmırlar. Prezidentliyi dönəmində tərəflərin bir masa arxasında əyləşməsi üçün vasitəçilik etdiyini deyən Fransua Olland Ermənistandan imtinanı Fransa üçün ayıb , Avropa üçün isə biabırçılıq adlandırıb”.
Fransanın keçmiş prezidenti Fransua Olland deyib ki, Ermənistanın sərhədlərinin müqəddəs olduğunu qəti və inandırıcı şəkildə bəyan etməyin vaxtı çatıb:
“Mən prezident olanda Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün vasitəçilik səylərində iştirak etmişəm. Bu təcrübə məni xəbərdarlıq etməyə məcbur edir. Ədalət və şərəf bu gün Fransadan ermənilərə kömək etmək üçün əlindən gələni etməyi tələb edir”.
Fransua Ollandın 2014- cü ildə Əliyev -Sarkisyan görüşünə vasitəçiliyi də Fransanın iştirak etdiyi bütün danışıqlar kimi nəticəsiz qalmışdı. Elə buna görə, Bakı indi də Parisi heç bir sülh platformasında tərəf kimi görmür. Ermənistanın bu dırnaqarası çətin dövrünə görə Fransada bütün dairələr Moskvanı günahlandırır. Rusiyanın Ermənistandan imtinası Paşinyanın cəzalandırılması kimi şərh edilir. Ukrayna faktoru da Parisinin əsas diqqət mərkəzindədir. Kreml Ukraynada uğursuzluğa düçar olduğu üçün Qafqazda qisas almaq planı qururu iddiaları səsləndirilir. Avropa ittifaqını qınayanlar da var. Bəzi ermənipərəst senatorlar yeni enerji təchizatçısını itirməmək üçün Avropa İttifaqını Bakıya qarşı səssiz qalmaqda ittiham edir. Yerli ekspertlərdən bəziləri Qərbin, xüsusilə də Fransanın Ermənistandan istifadə edərək Ukraynadakı toqquşmanın bir xəttini Qafqaza gətirmək niyyətində olduğunu deyirlər. Təsadüfü deyil ki, Ermənistanın qərbə meyillənmə cəhdlərinin artdığı vaxtdan bu yana dünya mediasında Ermənistan Qafqazın Ukraynası kimi tirajlanır.
Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, Rusiyaya qarşı yeni bir cəbhə yaratmaq cəhdi Rusiya tərəfindən xoş qarşılanmıyacaq:
“ Rusiya Fransaya da bundan əvvəl də açıq şəkildə fikrini bildirib. Ancaq bunu başa düşmürlər. Rusiya Ermənistanı öz nüfuz dairəsindən başqa kimləsə paylaşmaq istəmir. Xüsusilə, Fransayla paylaşmaq istəməyəcək. Rusiya Avropa İttifaqının da ambisiyalarından çox narahatdır və bunu da dəfələrlə dilə gətirib”.
Qeyd edək ki, Fransa ilə Azərbaycan münasibətlərində iplər çoxdan qopub. Fransa parlamentinin Azərbaycanla Dostluq Qrupunun erməni lobbisinin təzyiqi ilə fəaliyyətini dayandırmasını bu istiqamətdə sonuncu akkord kimi qeyd edirlər. O ki, qaldı Avropa İttifaqının Azərbaycan mövqeyinə, burada təşkilatın atacağı addımların Fransa ilə eynilik təşkil edəcəyi gözlənilmir.
Fidan Məmmədli