MAKRONUN PƏRDƏARXASI PLANLARI

Bölmə: Siyasət › ,
Tarix: 16:05 03.10.2023

   Ermənistana himayədarlıq edən Makron höküməti sülhün baş tutmaması üçün dəridən qabıqdan çıxır. Bu dəfə ölkənin müdafiə naziri Sebastyan Lekornu  müsahibəsində Fransanın Ermənistanın ehtiyaclarını öyrəndiyini və Prezident Emmanuel Makronun baş verənləri şəxsən izlədiyini deyib. 

   “Ermənistanda bugünədək mövcud olmayan bir müdafiə missiyası açmışıq. Bu bizə Ermənistan ordusu, hakimiyyət orqanları ilə onların müdafiə və təhlükəsizlik ehtiyaclarını öyrənmək üçün hər gün əlaqə saxlamağa imkan verəcək” - Fransanın müdafiə naziri Sebastyan Lekornu “Franceinfo” radiosuna müsahibəsində belə deyib. Bildirib ki, məqsədləri Ermənistanın bütövlüyünü, suverenliyini və əhalisinin qorumaqdır. Bu, Rəsmi Parisin siyasi riyakarlığı və beynəlxalq hüquqa hörmətsizliyi, bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasına mane olmağa çalışması ilə bağlı ilk fakt deyil. Politoloq Anar Həsənovun fikrincə, Fransanın bu istiqamətdəki səyləri Cənubi Qafqazda möhkəmlənməyə hesablanıb. "Fransanın məqsədi odur ki, Rusiyanın maraqlarının zəiflədiyi Ermənistanda, bu maraqları Rusiyanın imicini, reputasiyasını heçə endirib, öz imicini, reputasiyasını bərkitməkdir, yəni Ermənistanı müharibəyə sürükləməklə Fransada istəyirlər ki, Paşinyanın tezislərini dünyaya çatdırmaqdır. Paşinyan nə deyirdi? Şərti sərhəddə baş verən hadisələri Ermənistanın ərazi bütövlüyünə qarşı bir işğal kimi qiymətləndirdi, və Rusiyanı günahlandırdı ki, Rusiya bu məsələdə kənarda durdu. Məqsəd nədir, Ermənistanla Azərbaycanı üz-üzə qoyduqdan sonra Rusiyanın neytrallığını əsas gətirib regiondan sıxışdırıb çıxartsınlar". 

   Rəsmi Paris fərqindədir ki, Ermənistan üzərinə təhkim olunan şərtləri rahatlıqla yerinə yetirəcəyinə görə bölgədə siyasi maraqları həyata keçirmək uyğun seçimdir. Bir sözlə hədəfi strateji əhəmiyyət daşıyan regionda yerləşmək olduğundan Fransa Ermənistanın təcavüzkarlıq siyasətini dəstəkləyərək onu himayə etdiyini göstərir. Şübhəsiz ki, Azərbaycan haqlı maraqlarının arxasında dayanaraq heç bir qüvvənin ərazilərimizin suverenliyinə qarşı addımlarını cavabsız qoymayıb.

AYSU