Fazil Mustafanın matəm günləri ilə bağlı təklifinə-Deputatdan reaksiya
Bölmə: Siyasət › ,Tarix: 22:34 03.10.2023
“Azərbaycanda matəm günləri təqvimdən çıxarılmalıdır".
Milli Məclisin payız sessiyasının ilk iclasında deputatı Fazil Mustafa bu təkliflə çıxış edib. Deputat bunu Azərbaycanın qalib ölkə olması ilə əlaqələndirib: “Artıq yeni dövrə başlamaq lazımdır”.
Deputatın matəm günlərinin təqvimdən çıxarılması ilə bağlı təklifi xeyli müzakirələrə səbəb olub. Bir qisim deputatın bu fikri ilə razılaşmır, istər matəm, istərsə də bayram günlərinin Azərbaycan dövlətin tarixinə aid olduğunu bildirir, bir qisim isə qələbədən sonra matəm günlərinin təqvimdən çıxarılmasının tərəfdarı olduğunu ifadə edir.
Məsələ ilə bağlı İnformator.az-a danışan Milli Məclisin deputatı, professor Kamilə Əliyeva hər kəsin öz şəxsi fikri olmalıdır ifadəsin dilə gətirib.
Onun sözlərinə görə, bu tarixlər təqvimdən nəinki silinmək, gələcək nəsillərə aşılanmalıdır.
“Fazil Mustafanın fikirlərinə təbii ki, hörmətlə yanaşıram. Lakin şəxsi mövqeyimi götürsək anım günlərinin ləğvi məsələsi ilə bağlı heç razı deyiləm. Düzdür, bu gün Azərbaycan qalib dövlətdir, xalqdır. Amma bir şeyi unutmamalıyıq ki, bu gün biz bu qalibiyyətə hansı yollardan, çətinliklərdən keçərək gəldik?
31 mart, 20 yanvar, 26 fevral bu kimi faciələri, soyqırımlarını, biz bu günləri necə unuda bilərik? Tarixin yaddaşından bunları necə silə bilərik?
Əksinə, bu günlər təqvimdə qalmalı və gələcək nəsillərə ötürülməlidir. Şanlı Ordumuzun qüdrəti, Ali Baş Komandanımızın rəhbərliyi nəticəsində biz qalib xalqa çevrildik. 27 sentyabr Anım günü kimi tariximizə həkk edildi. Bu tarixlər dərsliklərə salınmalı, bu hadisələr haqqında dərsliklərdə ətraflı məlumatlar verilməlidir. Bu gün dövlətimizin güclü ordusu var. Biz bu gün zəfərə doğru addım atdıqsa, qalib xalq olaraq səsimizi, gücümüzü dünyaya çatdıra bildiksə, bunların hər birini Şanlı Ordumuza borcluyuq”.
HƏCƏR ƏMİRASLANLI