“Dənizi çirkləndirməyin, xırda balıqları buraxın yaşasın”-60 yaşlı balıqçıdan tövsiyə

Bölmə: Maraqlı › ,
Tarix: 21:15 13.11.2023

Ləpəli dəniz, təmiz hava və hələ yuxudan oyanmamış şəhər. Adəti üzrə sübh tezdən sahilə gələn Ramiz dayı dənizə nəzər salaraq yoluna davam edir. Xəzərin kənarında mövqeyini tutan qoca balıqçı illərdi yoldaşlıq etdiyi tilovunu hazırlayır. Özü ilə gətirdiyi soxulcanları qarmağa keçirib dəryaya atır.

 

O, 60 ilə yaxındır ki, hər gün Xəzərə balıq tutmaq üçün gəlir. Bu illər ərzində kifayət qədər təcrübə yığmasına rəğmən hələ də özünü həvəskar balıqçı hesab edir. Bu məşğuliyyəti rutinə çevirən Ramiz dayı balıq ovuna başladığı ilk günləri xatırlayır.

 

Təsadüf nəticəsində balıq tutmağa marağı yaranan müsahibim, bundan heç də peşiman görünmür. Tilov atıb sahildə əyləşərək ovunu gözləmək ona zövq verir. Əvvəlki illərlə müqayisədə toruna düşən balıqların növlərinin və çəkisinin azalması isə onu narahat edir. Deyir ki, dəniz suyunun geri çəkilməsi suda olan canlılara da mənfi təsir göstərir.

 

Balıqçı insanların ovun bu növünə maraq göstərməsini özünəməxsus tərzdə izah etdi. O həmçinin həvəskar balıqçılara tövsiyyələr verməyi də unutmadı. Deyir əsas dənizi çirkləndirməyin və xırda balıqları buraxın yaşasın. Onun sözlərinə görə balıq tutmaq həm də insan sağlamlığına xeyirlidir. Bir müddət əvvəl səhətində problem yaransa da öz təbrincə desək dəniz havası və tilov ona yenidən həyat verib.

 

Qoca balıqçı son da onu da dedi ki, ən azı ayda bir dəfə dəniz kənarına gəlib tilov atıb, qarmağa düşəcək balığı gözləmək və dənizin təmiz havasının verdiyi həzzi yaşamaq insanda müsbət düşüncələrin formalaşmasına təkan verir.

 

QASIM