Zəfərin əbədiyyət carçıları-Məryəm Abdullazadə yazır
Bölmə: Maraqlı › ,Tarix: 19:49 22.11.2023
Vətən müharibəsində zəfər qazanmağımızın sirlərindən biri də xalqımızın döyüş meydanına İlham olmasında idi. Bəs bu qələbənin “carçı”ları kimlər idi?
“Zəfərimizin carçıları” ifadəsi, ilkin olaraq, zəfərimizin xəbərçiləri, yəni “zəfərdən soraq gətirənlər” mənasını verir. Başqa bir ifadə ilə bunu belə izah edə bilərik ki, savaşı zəfərə çevirənlərin, yəni döyüşçülərin sorağını jurnalistlər xalqa çatdırıb. Buna əsasən, biz “Zəfər carçıları” və “4-cü hakimiyyət nümayəndələri” ifadələrinin paralelliyini apara bilərik.
Başqa bir yanaşma ilə Zəfər carçılarını bilavasitə “Azərbaycanın sinəsi hərbə meydan olan ordusu” ilə əlaqələndirək. Buna əsasən də asanlıqla deyə bilərik ki, qələbəmizin carçıları zəfər düyününü açmaqla xalqın düğününə (toy-büsat) səbəb oldular. Bu elə bir toy-büsatdır ki, nağıllardakı ən uzun hesab etdiyimiz “40 gün, 40 gecə” keçirilən toy-büsatı da ötüb keçir. Yəni bu qələbə xalqımız var olduğu müddət ərzində, həmişə davam edir.
Bu toy-büsatın səbəbkarları Qarabağdan – o müqəddəs yurddan Məmməd Arazın da dediyi kimi “əlində tüfəngli, dilində şeirli əsgər məktubları” ilə xəbər yollayıblar. Və bu məqamda biz onları da “Zəfər carçı”sı adlandıra bilirik.
Azərbaycanın göz bəbəyi Qarabağımızdakı torpaqlarımız 3 ildir ki, işğaldan azad olunub. Zamanı bir az geriyə alsaq, həmin günlərə- Azərbaycan Prezidentinin xalqa müraciət etdiyi dəqiqələrə yolda baxdığımız, zəfər yolunun müjdələrindən dərsdə, yan otaqdakı sevinc qışqırtıları sayəsində xəbər tutduğumuz vaxtlara. Burada incə bir məqam var.
Koronavirusun uzun müddət həyatı iflic etdiyi bir vaxta dönmək deyil, həmin çətin anlarda xalqın birliyi, kiçikdən böyüyə hər kəsin şad, xürrəm olduğu, hamının Qarabağdan başqa bir şey düşünə bilmədiyi zamanlara qayıtmaq gözəl olardı, bəlkə də. Lakin... Geriyə qayıtsaq, şəhidlər də geri gələrlərmi? Onların ailələri hələ də əsgər yolu gözləyərlərmi? Ya da səngərdəki döyüşçülər ailələrinə narahat qalmamaları üçün “ağ yalan”lar deyərlərmi yenə? Bu dialoqlar kimi:
“Oğul, səndən çox narahatam. Nə vaxt gözümü yumsam ki, bir az yuxumu alım, gəlirsən gözümün qabağına. Nə vaxt yemək yesəm, çay içsəm, sən gəlirsən yadıma. Əşi, mənimki də sözdür də, deyirəm. Çıxırsan ki, yadımdan, düşəsən də yadıma?”
Başqa biri:
“Necəsən, bala? Çox narahatıq, nigaranıq səndən. Tez gəl, bala. Qızın Sevil yolunu gözləyir”.
O biri valideyn:
“İgid əsgər, möhkəm dayan vətənin keşiyində. Biz bağrımıza daş basıb dayanmışıq bir qıraqda. Yolunu, zəfərini gözləyirik. Marş irəli!”
Oğullar cavab verir:
“Ay ana, ay ata, qəti narahat olmayın. Mən çox yaxşıyam. Yatın, dincəlin. Hə, amma həyətimizdəki yeni çiçəkləyən nar ağacının bəhrəsindən saxlayın, ha, mənə də. Yoxsa, bərk inciyərəm. Di, salamat qalın. Vətən oğlundan bütün qəsəbəmizə salamlar!
Digər vətən oğlu:
“Əziz ailəm, nigaran qalmayın məndən. Sevilimi çoxlu öpün mən əvəzdən. Ona deyin ki, atan qayıdacaq. Özü də tək yox ha, böyük bir zəfərlə. Darıxma, qızım. Atan elə belə yox, adını tarixə yazdırıb qayıdacaq”.
Başqa biri:
“Bir az da dayanın, ata. Lap azca qalıb. Qayıdacam. Buradan qayıdanda Azərbaycan əsgərinin ayağı dəymiş torpaqlardan gətirəcəm sizə”.
Hə, bayaqkı məsələyə qayıdaq. Deyirəm, 2020-ci ilə qayıda bilsək, Bərdə, Tərtər, Gəncə hamıdan tez oyanarmı yenə? Gözüyaşlı uşaqlar yenə gözləyərlərmi ata, ana yolunu? Bu da azmış kimi, eyni anda səngərdən zəfər, zəfərdən xəbər gözləyərlərmi bir daha?
Sadəcə bunu deyə bilirəm ki, ötüb gedən zamanın sadəcə 1056 saatı erməni nəfsi və nəfəsi altındakı əzəli Azərbaycan torpaqlarını azad etmək üçün kifayət etdi. Lakin kim deyə bilərdi ki, düz 30 il-360 ay fiziki olaraq ayrı, mənəvi olaraq bağlı qaldığımız əsarətli torpaqlar düz 44 gün içində azad olacaqdı? Məgər başqasının torpağında 30 ildir tor quran, toranlıq salan ermənilərə kim olduqlarını xatırlatmaq, bu torpaqların sahibinin kim olduğunu bütün dünyaya çatdırmaq asan idimi?
Sözsüz, tarixin yalan səhifələrini doğrularla yeniləmək dövlətimizin hər bir fərdi üçün alovlara qərq olmuş bir kəndi yenidən qurmaq qədər, hətta, bəlkə də ondan da çətin idi. Lakin ümid deyilən məfhum, səbir, əzm, iradə, birliyin və Tanrının ədalətinə inamın yüksək olduğu yerdə bir kibriti yandırmaq qədər asan görünürdü, əslində.
Ədaləti bərqərar etdi Tanrı. Bu ədalətə, bu qələbəyə çatmaq üçün Ali Baş Komandan İlham Əliyevi xalqa vəsilə etdi. Təbiətindəki ana vətən sevgisi bitib tükənməyən, şəhid, qazi olan hər bir rütbəlilərimiz bu torpaqların səmasını qara buluddan arındırıb günəşli günlərə qovuşdurdular.
Vətən müharibəsi dövründə atam həmişə deyərdi ki: “Bala, gərək, düşmənin də şərəflisi ola. Bizim qabağımıza elə düşmən çıxıb ki, əliyalın insanlara, uşaqlara, qadınlara, mülki vətəndaşlara güllə, raket atır, onları hədəf alır”.
Bundan çıxış edib deyirəm ki, sentyabr-noyabr aralığı bizə sadəcə bir zaman aralığı kimi gəlmədi o zamanlar. Çünki bu gün “44 gün”, “Dəmir Yumruq” ifadələri nə qədər dillərdə dastan, küçələrdə şüar, tarixdə möhür olsa da, bu ifadədən öncə yaddaşlarda həkk olunur: Vətən müharibəsinin unudulmazları-əsgərlər, şəhid jurnalistlər və həkim heyətləri.
Məqaləmin sonunda mənim üçün ən böyük zəfər carçılarımızdan şəhid Sirac Abışovla Məhərrəm İbrahimovu, həmçinin vətən müharibəsinin yeganə şəhid qadın həkimi Arəstə Baxışovanı xatırlamağı özümə borc, yazıya ehtiram olaraq bilirəm. Bir vaxtlar məktəbdə öyrədirdilər bizə: “Çingiz Mustafayev, Salatın Əsgərova...”. Bu uca adların yanına yenə əlavə olunub bir sıra adlar. Unudulmaz, peşəsinə möhür vuran adlar. Peşələrini icra edərkən ən uca məqamlardan birinə, şəhidlik zirvəsinə ucalan bu insanların timsalında müharibə dövründə vəzifəsindən asılı olmayaraq şəhid olanlara Tanrıdan rəhmət, ailələrinə səbir diləyirəm. Qazilərimizə Tanrıdan uzun, sağlam ömür arzulayıram.
Məryəm Abdullazadə, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi