Niyə şokolad yeyəndə xoşbəxt oluruq?
Bölmə: Maraqlı › ,Tarix: 22:51 13.12.2023
Şokolad bəzən kədərli, bəzən də xoşbəxt anların yoldaşıdır. Bəs şokoladın arxasındakı elm və onun bizi necə daha yaxşı hiss etdirdiyi barədə heç düşünmüsünüzmü?
Dünyanın ən qədim şokoladının tarixi 5300 il əvvələ gedib çıxır. Uzun müddətdir həyatımıza daxil olan şokolad müxtəlif reseptlərə daxil edilərək desertlərin baş qəhrəmanına çevrilir. Bütün bunlar bir yana, şokolad əhvalımıza təsir edə bilir. Bəs necə olur ki, şokolad yeyəndə özümüzü xoşbəxt hiss edirik?
Şokoladda teobromin, anandamid və feniletilamin kimi müxtəlif kimyəvi maddələr var. Bu maddələr bədənimizdə bəzi təsirlərə səbəb olur. Çay və qəhvədə də olan teobromin eyni miqdarda kofein kimi beyində oxşar təsirlərə səbəb olur. Şokolad yediyimiz zaman teobromin damarları genişləndirir və qan təzyiqini aşağı salır. Bundan əlavə, teobrominin beyin stimullaşdırıcı xüsusiyyəti diqqətə müsbət təsir göstərir. Lakin bu kimyəvi maddə bir çox heyvanlar üçün təhlükə yaradır. Teobromin itlər üçün xüsusilə zərərli ola bilər, çünki bədənlərində çox yavaş metabolizə olunur.
Şokoladın tərkibində olan başqa bir maddə olan anandamid normal insan beynində təbii olaraq istehsal olunur. Klinik tədqiqatlarda narahatlığı azaltdığı təsbit edilən anandamid şokoladda az miqdarda olur. Bundan əlavə, bu maddə motivasiya və məmnunluq hissi yaratmaqda effektivdir.
Beynin mükafat mərkəzini stimullaşdıran və romantik emosiyalar hiss etdiyimiz zaman ifraz olunan feniletilamin şokoladda olan başqa bir kimyəvi maddədir. Əslində, ən çox feniletilamin ehtiva edən qidanın şokolad olduğu məlumdur. Bununla belə, şokoladın tərkibində olan feniletilamin orqanizmdə çox tez metabolizə olunduğu üçün onun təsiri olması lazım olduğundan daha az olur.
Şokolad yediyimiz zaman şokoladın ağızda parçalanması nəticəsində ayrılan kimyəvi maddələr dilimizdəki dad qönçələri tərəfindən təsbit edilir. Yaranan siqnallar kimyəvi bir mesaj olaraq beynimizə daşınır. Bu siqnallar təkcə beynimizə şokolad yediyimizi bildirmir, həm də beynimizin mükafat mərkəzində müxtəlif kimyəvi maddələrin ifraz olunmasına səbəb olur. Bu kimyəvi maddələrdən ən məşhurları dopamin və serotonindir. Teobromin, anandamid və feniletilamin kimi kimyəvi maddələr öz başlarına əhvalımıza çox təsir etməsələr də, bir araya gələrək dopamin və serotonin kimi maddələri buraxaraq bizi xoşbəxt hiss etdirirlər.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova