Fransa-Azərbaycan münasibətləri gərgindir-Şəbnəm Həsənova
Bölmə: Siyasət › ,Tarix: 16:11 27.12.2023
"Emmanuel Makron Fransa-Azərbaycan münasibətlərini geniş spektrdan dar spektra doğru üzüaşağı yuvarlayır. Yəni, münasibətlər hər hansı iki və ya digər ölkələr arasında olan əlaqələrdən daha çox bir fərdin vizyonundan təsirlənir".- Bu sözləri informator.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq deyir ki, burada Emmanuel Makron-Rəcəb Tayyib Ərdoğan münasibətlərinə də hökmən nəzər yetirməliyik.
"Görünür, Ərdoğanın zamanında Makronun psixoloji durumu barədə sərf etdiyi sözlərin alovu hələ də sönməyib ki, Bakı və Ankaranın regionda artan siyasi, iqtisadi, hərbi gücü onun ciddi şəkildə yuxularını ərşə çəkib. Xüsusilə də Zəfərdən sonra bu durum o qədər kritik həddə çatıb ki, silahlandırmaqla xof gəlməkdən bir şey çıxmadığını görən Makron diplomatlarını qeyri-leqal əməllərə də cəlb edir".
Şəbnəm Həsənova qeyd edir ki, Fransa-Azərbaycan münasibətləri gərgindir.
"İndiki münasibətləri gec olmadan düzəltməyin zamanıdır ki, bu sonrakı münasibətlərin mühakimə olunacağı standarta çevrilməsin. Əlbəttə ki, Bakı ilə Paris arasında münasibətlərin inkişafı heç nə deyil, beynəlxalq hüquq trayektoriyası üzərində addımlamalıdır. İnisiyativi ələ almalı olan da, münasibətlərin sağlam intensivlik səviyyəsinə qədəm qoymasına çalışmalı tərəf də rəsmi Paris olmalıdır. Çünki bizim vizyonumuz olduqca açıq və aydındır"
Politoloq eyni zamanda qeyd edir ki, Azərbaycanın enerji münasibətləri də əsas olmaqla istər Avropa İttifaqı, istərsə də İttifaqa daxil olmayan digər qoca qitə ölkələri ilə tutduğu yol da məlumdur.
"Burada son zamanlar realizə edilən parlament diplomatiyası da öz sözünü deyir. Fransa-Azərbaycan münasibətlərini xarakterizə edən alovlu ritorika Qərbin heç bir dövləti ilə bu qədər müşahidə olunmur. Üstəlik, Fransa bütün Qərbi bizə qarşı oynamağa sövq edir ki, zamanında cənab Prezident İlham Əliyev tərəfindən atılan proaktiv diplomatiya bu həmlələrin hər birini neytrallaşdırır. Yəni, Fransanın bütün cəhdlərinin uğursuzluğa düçar olması işində sadəcə Qələbəni təmin edən deyil, ondan sonra da atıla biləcək kirli addımları öngörən dövlət başçımızın diplomatiyası öz sözünü deyir".
Şəbnəm Həsənovanın sözlərinə görə, Fransa nəinki regionumuzda, heç dünyada da xüsusən də hərb qiyafəsində güclü bir lider deyil.
"Burada Fransanın həm İttifaq daxilində, həm də ondan kənarda digər dövlətlərlə olan cari münasibətləri də nəzərə alınmalıdır".
Politoloq əlavə edir ki, Fransa-Azərbaycan münasibətləri getdikcə qeyri-qənaətbəxş olur ki, bu da alternativdə heç həmsöhbət imtiyazı da vəd etmir.
"Fransanın qlobal rolunun yenidən qurulması, gücləndirilməsi Makronun özünün şəxsi axtarışlarından kənar tutulmalıdır. Fransa regiona baxışında ciddi korrektələrə getməli, öz müstəsna əlaqələrini inkişaf etdirməkdə konstruktiv yol tutmalı, regionumuzu silahlandırmaya, ona nəzarətə olan həvəsi ilə bağlı daha yeni inadkarlıqlara getməməlidir".
Şərhçi vurğulayır ki, desək ki, Fransa Azərbaycan üçün əhəmiyyət kəsb etmir, düzgün olmaz.
"Azərbaycan hər zaman beynəlxalq hüquqa söykənərək dünya birliyinin istənilən aktoru ilə xoş münasibətlərə, əməkdaşlığa açıq dövlətdir".
Şəbnəm Həsənova eyni zamanda əlavə edir ki, Fransanın sadəcə İttifaqda deyil, bütövlükdə Avropada Azərbaycana qarşı yaratmağa cəhd göstərdiyi şəbəkəni, ifşa etdiyimiz casusları, Azərbaycanın mədəni irsinə qarşı son günlərdə atmış olduğu addımları, regionu silahlandırmasını da nəzərə alsaq, o zaman bu dövlət bizim üçün az əhəmiyyət kəsb edən sayılı Qərbi Avropa ölkələrindən nəinki yalnız biri səviyyəsinə düşməyəcək, hətta heçə enmə ehtimalını da Fransa özü yarada bilər.
"Yəni, reallıqda Fransa heç bir halda bizim üçün həmişə ən vacib olmayıb. Fransa-Azərbaycan münasibətləri həmişə praqmatik, instrumental olubsa, indi artıq kinli məcraya daxil olub. Təbii ki, münasibətlər, əməllər bu cür davam etsə, səfirliyin fəaliyyətində də problemlər yarana bilər. Hər halda heç nə deyil, iki diplomatın artıq persona-non-qrata elan olunması bizə bunu deməyə əsası verir".
Politoloqun fikrincə, yaxın perspektivdə hələ ki, belə bir şeyin olması üçün həm də digər region dövlətləri də buna müsbət baxmır.
"Yəni, bunun Fransaya bir şey verməyəcəyi, region üçün nəsə dəyişdirməyəcəyi, Fransanın həmlələrinin bölgə üçün fəsadları Azərbaycanla yanaşı, digər dövlətlər tərəfindən də aydın sezilir. İndiki məqamda gündəlik bu deyil".
Aynur Babayeva