Moskva və İrəvan arasında olan gərginlik Ermənistan üçün yaxşı heç nə vəd etmir -Yusif Bağırzadə

Bölmə: Siyasət › ,
Tarix: 20:10 27.12.2023

Dekabrın 26-da Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. 

"MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü hər il keçirilir artıq bir ənənə halını alıb. Bizim üçün bu görüşdən gözləntilər Paşinyanın toplantıya qatılıb və ya qatılmayacağı, Rusiya-Ermənistan münasibətlərinin bundan sonra hansı şəkildə inkişaf edəcəyi ilə, eləcə də Prezident Əliyev və Paşinyan arasında görüşün keçirilb-keçirilməyəcəyi ilə bağlı idi".

Bu sözləri politoloq Yusif Bağırzadə keçirilən görüşü "İnformator.az" saytına şərh edərkən deyib.

Politoqun fikrincə,bundan əvvəl noyabrda Bişkekdə keçirilən MDB sammitində və Minskdə KTMT liderlərinin sammitində iştirak etməyən, Moskvada MDB Hökumət Başçıları Şurasının iclasına qatılmayan, ötən ilin martından etibarən KTMT-nin bütün tədbirlərini boykot edib, təşkilatdakı səfirini geri çağıran Paşinyan bu dəfə Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburq sammitinə və MDB dövlət başçılarının illik qeyri-rəsmi görüşünə qatılmaq məcburiyyətində qaldı. Nəticədə Avrasiya İttifaqı Ali Şurasına sədrliyi Rusiyadan təhvil alan Ermənistan bununla Qərbin bütün təzyiqlərinə baxmayaraq Rusiya ilə münasibətləri davam etdirəcəyi mesajını vermiş oldu. 

"Əslində,Paşinyanın başqa yolu da yox idi. Çünki Ermənistan Avrasiya İqtisadi İttifaqın üzvü kimi gömrük və sərbəst ticarət qaydalarından böyük fayda götürür. Ölkənin ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İttifaqa daxil olan ölkələrin payına düşür. Bundan başqa ölkəyə daxil olan valyutanın həcmində də Rusiyadan göndərilən vəsaitlər əksəriyyət təşkil edir".

Politoloq qeyd etdi ki, Moskva-İrəvan münasibətlərində davam edən gərginlik isə iqtisadi münasibətlərə təsir etməyə başlayıb ki, bu da Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bura Ermənistanın qaz, elektrik enerjisi idxalında, eləcə də iqtisadiyyatın digər sahələrində Rusiyadan asılılığını əlavə etsək, Kremlin iqtisadi təsir imkanlarının işə salması halında Ermənistanın ciddi problemlərlə üz-üzə qalacağı şübhəsiz idi. Paşinyan da məhz bunları və Qərb ölkələrinin indiki mərhələdə Rusiyanı əvəz etmək üçün real alətlərə malik olmadığını nəzərə alaraq görüşdə iştirak etdi.Lakin sammitdə Putinlə Paşinyan arasında ikitərəfli görüşün keçirilməməsi münasibətlərin hələ də gərgin olaraq qalmaqda davam edəcəyi ilə bağlı fikirlər yürütməyə imkan verir. 

Sammitdə maraqlı məqamlardan biri də Qarabağda rəsmi Bakının tam suverenliyinin təmin olunmasından sonra Azərbaycan və Ermənistan liderlərinin ilk dəfə eyni toplantıya qatılması idi. Tərəflər arasında rəsmi görüş keçirilməsə də, Sankt-Peterburqda iki ölkə liderləri arasında qeyri-rəsmi təmaslara şahidlik etdik. Ən əsası isə, bu təmaslar hər hansı üçüncü tərəfin vasitəçiliyi olmadan baş tutdu. Danışıqların detalları məlum olmasa da, bunun Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı olduğu aydındır.

 

Asiman Hafizqızı