İranın Azərbaycanla münasibətlərini normallaşdırması gözlənilir-Turab Rzayev

Bölmə: Siyasət › ,
Tarix: 22:55 27.12.2023

Dünən Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub. 

 

Məsələ ilə bağlı Azərbaycan-İran münasibətləri haqqında informator.az saytına açıqlama verən Turab Rzayev bildirib ki, Azərbaycan-İran arasında münasibətlər həddindən artıq dərəcədə gərgin idi. 

 

"Hətta bir ara eskalasiya ən yüksək həddə gəlib çatmışdı. İndi isə nəzərə çarpan odur ki, Azərbaycan-İran münasibətləri normallaşmaq üzrədir. Burda bir neçə fərqli nüans var. Bunlardan biri, artıq İranın da Azərbaycan və Türkiyənin təklif etdiyi 3+3 formatına razılıq verdiyini görürük, ən azından bölgə problemlərinin bölgə dövlətləri tərəfindən idarə olunmasını istəyir".

 

Turab Rzayev qeyd edir ki, Rusiya ilə qərb arasındakı kəskinləşmədə İranın Rusiya tərəfdə yer alması, Azərbaycan-Rusiya münasibətlərinə də təsir göstərir.

 

"Yunan-türk münasibətlərinin normal hala gəlməsi də burada əsas nüanslardandır. Yunan rəhbərliyi də gördü ki, Ermənistan ABŞ-lə və Fransa ilə birlikdə hərbi təlimlər keçirirsə, sabah öz ərazisini gətirib rus hərbi bazasından çıxardıb, qərb hərbi bazasına qoya bilər və İranın şimal-şərqində ABŞ hərbi bazası ola bilər, bundan İrana qarşı istifadə də edilə bilər".

 

Müsahib əlavə edir ki, bütün bunların nəticəsində ermənipərəst, bu günə qədər Ermənistanın maraqlarına nəzərə alaraq siyasət yeridən, Azərbaycan-Ermənistan münaqişəsində ancaq Ermənistanın tərəfini saxlayan İran artıq öz milli maraqları nöqteyi nəzərindən gördü ki, Ermənistanın qeyri-şərtsiz müdafiəsi İranın xarici siyasətinə maneələr törədə bilər.

 

"Məhz buna görə də, İran rəhbərliyi qərara gəlib ki, Azərbaycanla da münasibətləri normallaşdırsın və Ermənistanı təktərəfli şəkildə dəstəkləməkdən bir müddət kənarda durmağa çalışsın. İran Rusiya və Türkiyə ilə münasibətləri inkişaf elətdirir ki, regional təhlükəsizlik dairəsi yarada bilsin. Bu dairəyə maneə olan tək tərəf Ermənistandır. Ümumilikdə isə gələcəkdə İran-Azərbaycan münasibətlərinin normallaşacağını və daha müsbət yöndə davam edəcəyini görə bilərik".

 

Politoloq Turab Rzayev sonda qeyd edir ki, iki ölkədə arasında iqtisadi məsələlər də gündəmdədir, ən əsası isə son vaxtlar əhəmiyyəti artmış şimal-cənub dəhlizinin müzakirə olunması gözlənilir.

 

Gülay Qəribova