Elə bil ki, biz ikinci Qarabağ müharibəsində Ermənistana deyil, Fransaya qalib gəldik-Xəyal Bəşirov AÇIQLAYIR

Bölmə: Siyasət › ,
Tarix: 23:46 27.12.2023

"Məlum olduğu kimi, Azərbaycanla Fransa arasında münasibətlər Fransanın təşəbbüsü ilə gərginləşmək istiqamətində davam edir. Xüsusilə də ikinci Qarabağ müharibəsindən sonra biz Fransanın açıq müstəvidə Azərbaycanın formalaşdırdığı yeni reallıqları qəbul edə bilmədiyini görürük".-Bu sözləri informator.az-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib.

 

Politoloq deyir ki, əslində buna qədər də, yəni ikinci Qarabağ müharibəsinə qədər də biz Fransadan özümüzə münasibətdə yad siyasətin və yad münasibətin şahidi olmuşuq.

 

"Amma ikinci Qarabağ müharibəsi sanki Fransanı ciddi şəkildə narahat edib. Elə bil ki, biz ikinci Qarabağ müharibəsində Ermənistana deyil, Fransaya qalib gəldik və Fransa özünü Ermənistandan daha çox aqressiv göstərir".

 

Xəyal Bəşirov qeyd edir ki, Fransa rejimi özünü Ermənistanın hazırkı rejimindən daha çox erməni rejimi kimi aparmağa cəhd göstərir. Bunu biz müxtəlif beynəlxalq platformalarda, Azərbaycana qarşı qətnamələrin qəbul edilməsi, beynəlxalq aləmdə dezinformasiyaların yayılması cəhdlərində, ittihamların səsləndirilməsində və bir sıra reallıqdan kənar absurd fikirlərdə görürük.

 

Şərhçi əlavə edir ki, Fransanın diplomatik korpusuna aid 2 əməkdaşın Azərbaycana qarşı diplomatik etik qaydaları pozması, "1961-ci il diplomatik əlaqələr haqqında Vyana konvensiya"sının tələblərinin kobud şəkildə pozulmasının cavabı məhz belə olmalı idi. 

 

"Buna görə də Azərbaycan tərəfi Xarici İşlər Nazirliyi vasitəsilə Fransaya etiraz notasını çatdırdılar. Eyni zamanda Azərbaycanın mövqeyi bundan ibarətdir ki, həmin şəxslər 48 saat ərzində Azərbaycanı tərk etməlidirlər. Təbii ki, bu belə də olacaq. Çünki Fransa Azərbaycanın digər dövlətlərə, o cümlədən Fransaya göstərdiyi adekvat münasibətdən nəticə çıxarmadığına görə, təbii ki, bu proses bu şəkildə davam edir".

 

Xəyal Bəşirov Azərbaycana qarşı bu cür münasibətin Fransa dövlətinin və Fransa xalqının maraqlarına uyğun olduğunu hesab etmir.

 

"Əslində bu bizdən daha çox fransız xalqının, Fransa dövlətinin özünün maraqlarına ziddir. Sadəcə indiki Emmanuel Makron rejimi bu siyasəti davam etdirir. Çünki onların bu siyasəti davam etdirməsi üçün müəyyən öhdəlikləri var. İndi müəyyən mənada pafoslu səslənə bilər, amma hər bir halda Fransanın hazırkı prezidenti erməni diasporu və lobbi təşkilatlarının təsiri altında olan siyasətçilərdən biridir".

 

Politoloqun sözlərinə görə, gələcəkdə Fransada rejimin mütləq şəkildə dəyişəcəyindən sonra, onlarda Azərbaycanla münasibətdə siyasət də dəyişəcək. Amma bu rejimin bundan sonrakı hakimiyyətdə olduğu dönəmdə atacağı addımlardan da çox şey asılıdır.

 

Xəyal Bəşirov eyni zamanda əlavə edir ki, Azərbaycana Fransadan daha çox coğrafi baxımdan yaxın olan İranın Azərbaycana qarşı diplomatik əlaqələr haqqında Vyana konvensiyasının tələblərinin pozulması hadisəsi təbii ki, bu bir az eyni səviyyəli addımlar deyil. 

 

"Amma hər bir halda atılan addımların nəticəsi oldu ki, Azərbaycan özünün diplomatik korpusunun fəaliyyətini İranda dayandırdı. Mən düşünmürəm ki, Fransa bir dövlət olaraq Azərbaycan üçün daha çox önəm kəsb edir. Əksinə mən düşünürəm ki, Cənubi Qafqaz regionunda nəyinki Fransa, qonşu olan İran dövləti Cənubi Qafqazda baş verən proseslərdə daha çox iştirak edir. Amma hər bir halda biz İrana belə münasibəti göstərdik, İrana belə adekvat cavab ortaya qoyduq. Fransaya münasibətdə də eyni addımları atacağıq".

 

Şərhçi həmçinin qeyd edir ki, hər bir halda bizim əsas məqsədimiz və niyyətimiz ondan ibarətdir ki, beynəlxalq səviyyədə olan münasibətlərdə bütün dövlətlərlə, beynəlxalq hüquqi subyektlərlə, o cümlədən Fransa ilə bərabər əməkdaşlıq və bərabərhüquqlu münasibətlər quraq.

 

"Bunun əksini istəyən, iddia edən və ya bu niyyətdə olan dövlətlərə və təşkilatlara biz adekvat cavabı həmişə veririk və bundan sonra da verəcəyik. Ona görə də Fransanın bu addımları eyni şəkildə davam edəcəksə, anti-azərbaycan mövqeyini yenə də bütün platformalarda nümayiş etdirəcəksə, Azərbaycanın da onlara adekvat cavab addımları olacaq. Bu da münasibətləri hansı mənsəbə aparacaqsa, təbii ki, hadisələrin gedişatından asılı olacaq".

 

Aynur Babayeva