Bu müharibə dünyanın gələcəyi üçün müəyyən risklər yaradır-Politoloqdan AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 14:17 28.12.2023
"Rusiya Ukraynaya qarşı azı beş il də döyüşəcək". - Bu sözləri Rusiya Prezidenti Vladimir Putin mart ayında Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Moskvada görüşdə bildirib. Bu barədə informator.az-a açıqlamasında politoloq Oqtay Qasımov Vladimir Putinin Ukrayna və Rusiya arasında savaşın daha uzun çəkəcəyi ilə bağlı fikirlər səsləndirərkən, əlbəttə ki, ilk istinad etdiyi durumun Ukraynaya Qərbin verdiyi dəstəklə bağlı olduğunu söyləyib.
"Baxmayaraq ki, son dövrlər Ukraynaya qərbin dəstəyi müəyyən qədər azalsa da, amma bu o demək deyil ki, dəstək tamamilə kəsilib. Əksinə bir çox ölkələr bundan sonra da Ukraynaya dəstək verəcəklərini bəyan edirlər. Bu o deməkdir ki, Rusiyanın qısa müddətdə Ukraynanı məğlub etməsi heç də rahat olmayacaq".
Politoloq qeyd edir ki, Qərbdə səslənən açıqlamalara diqqət etdikdə biz onu görürük ki, Qərb əslində elə bir siyasət aparır ki, bu siyasət nəticəsində Ukraynanın tam qələbəsi, Rusiyanın isə tam məğlubiyyəti planlaşdırılmır.
"Yen elə bir şərait yaradılır ki, Rusiya məğlub olmur, Ukrayna isə qələbə qazanmır. Bu baxımdan savaşın hələ bir neçə il də uzanması ehtimalı ciddi şəkildə göz önündədir".
Oqtay Qasımov eyni zamanda qeyd edir ki, nəzərə alsaq ki, Vladimir Putin Rusiyanın dövlət başçısı olaraq prosesləri ən dərindən bilən və dəqiq məlumatlara malik şəxslərdəndir, bu o deməkdir ki, bu savaş hələ bir neçə il davam edəcək.
"Bu savaşın əlbəttə ki, uzun müddət davam etməsi beynəlxalq səviyyədə gərginliyin artmasına və davam etməsinə səbəb olacaq. Eyni zamanda bir çox ölkələrdə iqtisadi problemlərə, o cümlədən dünyanın müxtəlif bölgələrində də müəyyən gərginliklərə yol açacaq".
Politoloqun sözlərinə görə, bu da dünyanın gələcəyi üçün müəyyən risklər yaradır.
Aynur Babayeva