Çin üçün Tayvanla bağlı məsələ milli təhlükəsizlik məsələsidir-Mübariz Göyüşlü
Bölmə: Siyasət › ,Tarix: 19:33 03.01.2024
ABŞ-ın məhşur “NBC News” televiziya kanalı belə xəbər yayıb ki, Tsi Cinpin bir müddət əvvəl ABŞ prezidenti Co Baydenlə San-Fransiskoda son görüşü zamanı Ağ Ev sahibinə Tayvanı Çinə birləşdirmək planları barədə danışıb. Tsi Cinpin Baydeni inandırmağa çalışıb ki, Pekin müharibə istəmir, ancaq Pekin Tayvanı Çinə birləşdirmək siyasətindən də imtina edən deyil. Bununla Cinpin Baydenə bu məsələdə qətiyyətini nümayiş etdirməyə çalışıb.
Yayılan xəbər əsasən, Cinpin Tayvanı Çinə birləşdirəcək tarixi də göstərib. Bu ya 2025, ya da 2027-ci ildə baş verəcək.Cinpin Baydeni inandırmağa çalışıb ki, ABŞ Tayvanı müstəqil dövlət kimi tanımaqdan imtina etsin. Bayden Cinpinin bu təklifini qəbul etməyib.
İnformator.az- a açıqlamasında bu məsələyə münasibət bildirən Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə, Çin bu məsələdə qərarlıdır, onun üçün Tayvanla bağlı məsələ milli təhlükəsizlik məsələsidir və Tayvanın Çinə birləşdirilməsi Pekinin siyasətinin əsas xətlərindən biridir, aparıcısıdır.
"2024-cü ildə də Çin bu istiqamətdə önəmli çalışmalar həyata keçirməyə iddialıdır. Çin bu işin reallaşmasında maneə kimi ABŞ-ı, kollektiv Qərbi görür. Çünki onların, xüsusilə də Amerikanın Tayvana açıq və ya gizli dəstəkləri olmasa, Tayvanın Çinin qarşısında dayanması mümkünsüzdür".
Siyasi analitik düşünür ki, Çin bu məsələni özü üçün prioritet məsələyə çevirdiyinə görə gələcək perpektivdə Tayvanın Çinə birləşdirilməsi reallaşa bilər.
"Düzdür, Amerika və kollektiv Qərb Çinin bu nəticəyə nail olmasına mümkün qədər mane olmağa çalışırlar, çünki bu məsələnin reallaşması, Çinin istəklərinin yerinə yetirilməsi Çini daha da gücləndirən, onun Sakit okeanda, Cənub- Şərqi Asiyada, ümumiyyətlə, dünyada mövqeyini genişləndirən amillərdən biri olacaq. Buna görə də Çin bu məsələdə qərarlıdır və ilbəil onun Tayvanla bağlı təzyiqləri də artır".
Mübariz Göyüşlü bildirir ki, Çin dünyada böyüyən gücdür. Onun təkcə Tayvanda deyil, dünyadakı siyasi, iqtisadi , mədəni, geosiyasi proseslərdə olan rolu getdikcə artır.
"Ona görə də gələcəkdə Çinin Tayvanın tam olaraq birləşdirilməsinə nail ola biləcəyi ehtimalları artır, gündən-günə güclənir".
Nəzrin Mirzəyeva