Cənubi Koreya və ABŞ-ın birgə təlim keçməsi Şimali Koreyaya bir əzələ nümayişidir-Politoloqdan AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 20:09 04.01.2024

Cənubi Koreya və ABŞ hərbçiləri KXDR ilə sərhəd yaxınlığında birgə hərbi təlimlər keçirib. Bu barədə informator.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, ABŞ dünya imperatorluğunu qorumaq üçün dünyanın bütün bölgəsində ya qaynar ocaqlar yaradır, ya da əzələ nümayiş etdirir.

 

"Yəni ABŞ öz imperatorluğuna dəstək verən dövlətlərlə əməkdaşlıq edir, imperatorluğa mane olan dövlətlərdə isə dövlət çevrilişi edir, ya da əzələ nümayiş etdirərək həmən dövlətləri qorxu altında saxlamaq istəyir".

 

Politoloq qeyd edir ki, məlum olduğu kimi Ukrayna münaqişəsinə də həmən imperatorluğun qorunmasının tərkib hissəsi kimi baxmaq lazımdır. Eyni zamanda Yaxın Şərqdə baş verən qaynar ocaq da həmin Amerika imperatorluğunun qorunmasına hesablanır.

 

"Bu cümlədən də Şimali Koreya ilə Cənubi Koreya arasında gərginliyi yaradan və qızışdıran da ABŞ-dır. ABŞ xüsusilə də dünyanın bir çox ölkələrində ya qaynar ocaqlar yaradır və bu ocaqları sovuşdurmaq adı altında öz maraqlarını həyata keçirir. Ya da müəyyən provakasiyalar ilə müharibə ocağı yaradır".

 

Azad Məsiyev eyni zamanda bildirir ki, Cənubi Qafqaza da ABŞ Ermənistan üzərindən gərginlik yaradaraq girmək istəyir. 

 

Müsahib deyir ki, ABŞ Türkiyə-Yunanıstan gərginliyi yaratmaqla öz təsirini saxlamaq istəyir. Cənubi Koreya ilə ABŞ-ın birgə təlim keçməsi Şimali Koreyaya bir əzələ nümayişidir. 

 

"Məlum olduğu kimi, Şimali Koreya Amerikanın təsirinə düşmək istəmir. Daha çox müstəqil siyasət yürüdür. Bu baxımdan ABŞ Şimali Koreyaya əzələ nümayiş etdirir. Təbiidir ki, Şimali Koreya da özünü qorumaq üçün bu təlimlərə cavab olaraq sərt çıxışlar edir".

 

Politoloq həmçinin qeyd edir ki, 3-cü dünya müharibəsinin Şimali Koreya ilə Cənubi Koreya gərginliyi fonunda baş verməsi ehtimalı azdır. Artıq de-fakto 3-cü dünya müharibəsi Ukrayna ərazisində gedir.

 

"Münaqişə Rusiya Ukrayna arasında deyil, münaqişə NATO bloku ilə Rusiya arasında gedir. Faktiki 3-cü dünya müharibəsi Ukrayna ərazisində gedir. Ukrayna ərazisi poliqona çevrilib. 3-cü dünya müharibəsi baş verərsə, xüsusi ilə bu müharibə Rusiya fonunda baş verərsə, onda bəşəriyyət bundan əziyyət çəkər və dünya 3-cü dünya müharibəsi nüvə silahının işə düşməsi ilə yekunlaşa bilər. Bu da bəşəriyyət üçün daha təhlükəli məqamdır".

 

Azad Məsiyev Cənubi Koreya ilə bağlı Ştatların təlimi Şimali Koreyaya bir əzələ nümayişi olduğunu və Şimali Koreyanı qorxutmaq məqsədi daşıdığını vurğulayıb.

 

"Şimali Koreya nə Birləşmiş Ştatların nə də Cənubi Koreyanın təlimlərindən geri çəkilən deyil. Şimali Koreyanın da öz mövqeyi var, öz hərbi doktrinasını gücləndirir. Şimali Koreyaya müdaxilə edildiyi an adekvat cavab veriləcək".

 

Tehran Yusifli