ABŞ Cənubi Koreyanın təhlükəsizliyi ilə bağlı məsələlərə həssas yanaşır-OQTAY QASIMOV

Bölmə: Siyasət › ,
Tarix: 20:01 05.01.2024

Şimali Koreyanın lideri Kim Çen İn Cənubi Koreya adalarına 200-ə yaxın artilleriya mərmisi atıb. Bu barədə informator.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirir ki, zaman-zaman Şimali və Cənubi Koreya arasında gərginliklər olub və müxtəlif dövrlərdə bu gərginlik artan və azalan xətt üzrə davam edib.

 

 

Politoloq hesab edir ki, son dövrlər Ukraniya-Rusiya savaşı dövründə hər bir tərəf özünə yaxın müttəfiqlər vasitəsilə digərinə təzyiq etməyə çalışır.

 

"Nəzərə alsaq ki,1953-cü ildən Şimali Koreya daha çox Rusiya və Çinin təsirində olub və hazırda da Rusiya Ukrayna savaşı fonunda Şimali Koreya Rusiyaya hərbi cəhətdən dəstək verən əsas ölkələrdən biridir. Bu baxımdan istisna olunmur ki, məhz iki Koreya arasındakı münasibətlərin gərginləşməsində digər böyük güclərin maraqları var. Təbii ki, ABŞ-la Cənubi Koreya müttəfiqdirlər. Vaxtaşırı birgə hərbi təlimlər həyata keçirilir".

 

Oqtay Qasımov qeyd edir ki, ABŞ Cənubi Koreyanın təhlükəsizliyi ilə bağlı məsələlərə həssas yanaşır.

 

"O baxımdan ABŞ-ın belə açıqlamanı verməsi anlaşılandır. Amma bütün hallarda bu cür açıqlamalar verilir və sadəcə olaraq qarşı tərəfi çəkindirmək üçün istifadə olunan ritorikadır".

 

Politoloq hesab etmir ki, məhz bu gərginlik 3-cü dünya savaşına səbəb ola bilər.

 

"Bir daha qeyd eləmək istəyirəm ki, savaşla bağlı qərarı Şimali və Cənubi Koreya almır. Həmin dövlətləri dəstəkləyən dövlətlər bu qərarları verirlər və bu gün Şimali Koreyanın arxasında duran əsas güc Çindir. Cənubi Koreyanın arxasında duran ABŞ-dır. Və bu iki dövlət 3-cü dünya müharibəsinin çıxmasında maraqlıdırmı? Mən buna şübhə edirəm. Ona görə bu cür açıqlamalar siyasi xarakter daşıyır".

 

Oqtay Qasımov vurğulayıb ki, bu bəyanatlar daha çox qarşı tərəfə mesaj verilməsi və onu çəkindirmək məqsədilə edilir.

 

Vüqar Alışov