İnsanların 90 faizi daha it əti yemək istəmir!
Bölmə: Maraqlı › ,Tarix: 20:59 08.01.2024
Cənubi Koreyada keçirilən sorğuda iştirakçıların yüzdə 90-dan çoxu it əti yeməyi düşünməyəcəklərini bildiriblər.
“The Straits Times” qəzetinin xəbərinə görə, Koreya heyvan haqları təşkilatı Aware tərəfindən ölkə daxilində 2 min böyüklər arasında aparılan sorğu nəticəsində məlum olub ki, hər 10 Cənubi Koreyalıdan 9-u it əti yemək istəmir.
2023-cü ilin dekabr ayında keçirilən sorğuda iştirakçıların 93,4 faizi gələcəkdə it əti yemək niyyətinin olmadığını bildirərkən, 2022-ci ildə aparılan sorğuda bu nisbət yüzdə 88,6 olaraq qeyd edilib.
Sorğu göstərdi ki, it ətini əhalinin çox az hissəsi istehlak edir. İştirakçıların 94,5 faizi son bir ildə it əti yemədiyini bildirib.
Ev heyvanı olan iştirakçıların 94,7 faizi, ev heyvanı olmayanların isə 92,7 faizi it əti yeməyəcəklərini bildirib.
İştirakçılardan it ətini istehlak etmək istəməmələrinin səbəbləri barədə soruşulduqda, 53,5 faiz ikrah hissini ifadə edərkən, 18,4 faiz itlərin böyüdülməsi və kəsilməsi prosesini “qəddar” adlandırıb.
7,1 faiz it əti ilə bağlı cəmiyyətdə mənfi rəyi nəzərə aldığını qeyd edib.
Sorğu nəticəsində məlum olub ki, əhalinin artan faizi it ətinin qadağan olunmasına müsbət yanaşır.
Qadağaya dəstək verənlərin nisbəti 2022-ci ildə 72,8 faiz olduğu halda, 2023-cü ildə bu rəqəm 82,3 faizə yüksəlib.
Sorğunun nəticələri Cənubi Koreya hökumətinin it ətinin istehlakını qadağan edən qanun layihəsi hazırladığı bir vaxtda açıqlanıb.
Mənbə: Haber Global
Tərcümə etdi: Asiman Hafizqızı