Sumqayıtdan Bakıya yeni yol çəkiləcək-ekspert DETALLARI AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 14:10 09.01.2024

Sumqayıtdan Bakıya yeni magistral avtomobil yolu çəkiləcək. Bakının nəqliyyat sistemindəki ən qəliz hissədə problemin aradan qalxacağına ümid yaranıb.

 

Suqmayıtdan paytaxta çəkiləcək yol, Xırdalan, Sulutəpə və Xocasən ərazilərindən keçməklə Yasamala birləşəcək. Beləcə “Bakı-Sumqayıt şosesi”ndə, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınacağı proqnozlaşdırılır. Yeni yol, Sumqayıtla yanaşı Xırdalan şəhəri üçün də alternativ giriş-çıxış imkanı yaradacaq.

 

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, şəhərin girişlərində, ən ciddi problem yaranan yerlərindən biri şimal və şimal-qərb istiqamətidir. 

 

"Bakı-Sumqayıt istiqaməti və Bakı- Şamaxı istiqamətindəki o qəsəbələr, Sulutəpə, Xocasən, ən ciddi problem də bax Xırdalan şəhərindən başlayır. Ordan da şəhərə bir dənə giriş yolu- hamının bildiyi Bakı- Sumqayıt yolu kimi tanıdığımız M1 indeksli beynəlxalq əhəmiyyətli yol var. Sulutəpə dairəsindən də biraz şəhərə tərəfdən M4 indeksli yol o axında gəlir, birləşir, biraz da vəziyyət gərginləşir".

 

Ekspert düşünür ki, müəyyən qaydalara əməl olunmazsa yeni yol belə müsbət təsir göstərməyə bilər. 

 

"Bu istiqamətdə görülən işlər o vaxt uğurlu nəticələr verə bilər ki, həmin istiqamətdə ictimai nəqliyyatın inkişafina ciddi sərmayə qoyulsun və ictimai nəqliyyat inkişaf elətdirilsin. Sulutəpə istiqamətindən gələn marşurtların şəbəkəsi yaxşılaşa bilər. Bakı-Sumqayıt yolu yük avtomobillərindən xilas olmuş olar.Yasamal istiqamətindən şəhərin 20 yanvar zonasına əlavə bir giriş verilə bilər, Badamdardan giriş biraz da yaxşılaşa bilər".

 

Plana görə yeni magistral avtomobil yolunun inşası 2027-ci ilin sonunadək reallaşdırılacaq.

 

Gülnar