Əgər biz dəm qazından boğulma hallarının qarşısını almaq istəyiriksə...-EKSPERTDƏN AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 16:48 09.01.2024

Havalar soyumağa başlayandan tez-tez dəm qazından boğulma halları ilə qarşılaşırıq. Bəs, dəm qazından boğulma hallarının başlıca səbəbləri nələrdir və bunların qarşısını necə almaq olar?

 

Bu mövzuda kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov informator.az-a açıqlamasında bildirib ki, əfsus ki, qış ayları gələndə dəm qazından boğulma hadisələri ilə qarşılaşırıq.

 

"Dəm qazından boğulma hallarının baş verməsinin başlıca səbəbi bir çox qurumun öz işini tam görməməsidir. " "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti bizim həm dostumuz, həm də düşmənimiz olan metan qazını evlərə çatdırır, lakin onun təhlükəsiz istismarına cavab vermir. "Azəriqaz" məsuliyyəti öz üzərinə götürmədiyi üçün məsuliyyət  abonentin boynuna qalır. Abonent də qaz təchizatından yetəri qədər məlumatlı olmayanda dəm qazından boğulma hadisələri baş verir".

 

Nüsrət Qasımov eyni zamanda qeyd edib ki, biz bilirik ki, metan qazı minadanda təhlükəlidir. 

 

"Uzun illər boyu qaz istismar idarələri metan qazının təhlükəsiz istismarına cavab verib. Hətta sovet dövründə ayda bir dəfə qaz təchizatları yoxlanılırdı. Amma indi buna nəzarət yoxdur".

 

Ekspertin sözlərinə görə, əgər biz dəm qazından boğulma hallarının qarşısını almaq istəyiriksə, başda "Azəriqaz" olmaqla bəzi qurumlar məsuliyyətli davranmalı, insanların həyatını təhlükəyə atmalarına icazə verməməlidirlər.

 

Yusif Mamedov