Bakının baş planında nələr nəzərdə tutulub?
Bölmə: Sosial › ,Tarix: 17:40 09.01.2024
Bakıda velosiped yolları ilə bağlı daha bir yenilik edilib. İstiqlaliyyət küçəsində salınan velosiped yollarına baryerlər quraşdırılıb. Bu cür baryerlərin quraşdırılmasına səbəb avtomobillərin parklanmasını əngəlləmək, velosiped və skuterlər üçün daha təhlükəsiz hərəkət təşkil etməkdir.
Baş plana əsasən yeni nəqliyyat infrastrukturlarının qurulması, velosiped yollarının çəkilməsi, piyada yollarının salınması üçün müəyyən söküntü işləri aparılacaq. Çoxmərtəbəli binaların inşası üçün də yeni tələblər müəyyənləşib.
Baş planda əsas prioritetlərdən biri də paytaxtın mərkəzinin yükünü azaltmaq, kommunikasiya xətlərinin effektiv işləməsini təmin etməkdir. Bunun üçün əvvəlcə söküntü işləri aparılacaq.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, köhnə binaların söküntüsündən söhbət gedir.
"Fərdi yaşayış evləridir, gecəqondulardır, onların sökülməsi, onların yerində ofis binalarının, yaşıllıq zonalarının xüsusilə də parkların salınması nəzərdə tutulur".
Çoxmənzilli binaların inşası üçün 9 min hektar ərazi ayrılıb. Ekspertlərin hesablamalarına görə, bu qədər torpaq sahəsində təxminən 15-18 min arası bina tikilə bilər.
Ekspert əlavə edib ki, Nərimanov, Nəsimi, Səbail, Nizami və Xətai rayonlarının bir hissələri ora daxildir ki, o hissələrdə artıq demək olar ki, çoxmənzilli binaların, yüksək mərtəbəlilərin inşasına demək olar ki, qadağa qoyulur.
"Orada ancaq orta mərtəbəli binalardan yəqin ki, 8, 12 mərtəbəli binaların tikintisindən söhbət gedəcək. Pilot layihə olaraq da çox maraqlı məsələdir ki, artıq bir hissə, Bakının Nərimanov rayonunda olan Montin qəsəbəsinin bir hissəsi pilot layihə olaraq seçilib".
Ekspertlər qeyd edib ki, bəzi çatışmazlıqlar da ortaya çıxacaq. Söhbət, bölgələrdən paytaxta artmaqda olan axından gedir. Urbanizasiyanı nəzərə alan mütəxəsislər, tikilməsi nəzərdə tutulan mənzillərin kifayət etməyəcəyi qənaətindədirlər. Bu da təbii ki, regionlarda məşğulluğun artırılmasını tələb edən haldır.