Sosial media vasitəsilə yardım istəyən şəxslərə yardım göstərilir mi? -AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:07 10.01.2024
Son zamanlarda bir sıra insanların səhhəti ilə bağlı sosial media vasitəsilə əhalidən vəsait toplanması ilə tez-tez qarşılaşırıq.
Bəs,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu kimi şəxslərin müalicəsi üçün yardım göstərir mi?
Bu sualı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin əməkdaşı Sevil Əliyeva bu haqda informator.az-a açıqlama edib:
"Bəzi hallarda vətəndaşlar dövlət tibb müəssisələrinə müraciət etmək və burada icbari tibbi sığortanın qarşıladığı tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququndan istifadə etmək əvəzinə səhhətləri ilə bağlı yaranan problemləri həll etmək üçün maliyyə yardımı toplamağa çalışırlar. Bu kimi hallarla rastlaşdıqda məsələnin araşdırılması məqsədilə Agentlik tərəfindən yardım toplayan şəxslərlə əlaqə saxlanılır. Tələb olunan tibbi xidmət barədə araşdırma aparılır. Müvafiq tibbi xidmət İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olduğu təqdirdə vətəndaşa ödənişsiz şəkildə xidmətdən yararlana biləcəyi barədə məlumat verilir və müvafiq tibb müəssisəsində xidmətin təşkili təklif olunur. Vətəndaş razı olduğu təqdirdə tibbi xidmətdən istifadəsi təmin edilir. Bir çox hallarda isə vətəndaşlar təklif olunan tibbi xidmətdən əsassız olaraq imtina edirlər".
Müsahib qeyd edib ki, ayrı-ayrı şəxslərin sağlamlığı ilə bağlı problemlərin həlli məqsədi ilə vəsaitin toplanılmasına dair müraciətlərlə qarşılaşdıqda məsələnin araşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məlumat vermək tövsiyə olunur.
" Vətəndaşlar Agentliyin "1542" Çağrı mərkəzi, qurumun rəsmi internet səhifəsi üzərindən "Zəng sifariş et" və "Elektron müraciət" bölmələri, eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. Müvafiq tibbi xidmət icbari tibbi sığorta təminatına daxildirsə vətəndaşlara ödənişsiz tibbi yardım göstərilir. Məlumat üçün bildirək ki, ölkə vətəndaşları sığortaolunandır".
Sevil Əliyeva sonda deyib ki, İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə birbaşa müraciət etmək kifayətdir.
Yusif Mamedov