Kiber dələduzluq halları artıb
Bölmə: Sosial › ,Tarix: 13:54 11.01.2024
Hüquqşünaslar deyir ki, kiberdələduzluq son vaxtlar geniş yayılıb. Hətta bildirirlər ki, özlərinə də belə vətəndaş şikayətləri daxil olur.
Məsələ ilə bağlı hüquqşünas Arslan Mikayılov bildirir ki, bunlar əsasən xaricdə yaşayan kiberdələduzlardır.
"Əsasən sadə insanları aldadaraq, müəyyən pul müqabilində həmin bank əməliyyatlarının həyata keçirilməsi, vərəsəlik işinin açılması, yalandan saxta sənədlər düzəldərək göndərirlər ki, bu kimi hallar inandırıcıdır. İnternet inkişaf etdikcə,dünya inkişaf etdikcə təəsüflər olsun ki, bu kiber cinayətkarlar da inkişaf edir".
Ekspertlərin fikrincə, insanları aldadıb, saxta elanlarla məşğul olanların əksəriyyəti fiziki şəxslərdir və həmin şəxslərin bu sahədə fəaliyyət göstərməsi ilə bağlı heç bir yerdə qeydiyyatları yoxdur. Deyirlər ki, belə halların baş verməsinə əsas səbəb də elə əmlak bazarında olan boşluqlardır. Bunun qarşısını almağın yolu da qanunvericilikdə dəyişikliklərin edilməsidir.
Əmlak eksperti Ramil Osmanlı hesab edir ki, Azərbaycanda reyltr fəaliyyətini, vasitəçilik fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanun qəbuluna ehtiyac var.
"Bu qanun daşınmaz əmlak bazarında vasitəçilik fəaliyyətini həyata keçirən alqı-satqı agentlərin fəaliyyətinin tənzimlənməsinə yönəldilib. Reyltr fəaliyyəti tənzimlənəndən sonra elanların yerləşdirilməsi məsələsi də öz həllini tapacaq, bu elanları istənilən şəxs yerləşdirə bilməyəcək, eyni zamanda elan qəbul edən xüsusi internet resursları var ki, o resurslar da diqqətli olmağa çalışacaqlar, məsuliyyətlərini başa düşəcəklər. Hər bir halda bu problem aradan qalxacaq".
Qanunvericilikdə isə həmin şəxslər üçün əslində məsuliyyət nəzərdə tutulub. Sadəcə nəzərdə tutulan tədbilərin həyata keçməsi üçün burada əsas məqam dəyən zərərin miqdarıdır. Hər bir halda məsələ polis nəzarətində olduğu deyilir.
Hüquqşünas Arslan Mikayılov qeyd edir ki, müəyyən boşluqlar var ki, bəzi hallarda bu boşluqlardan müəyyən dələduzlar uğurla istifadə edir.
"Digər məsələlərə gəldikdə isə yəni əgər vətəndaşın hər hansı bir hüququn pozulması ilə bağlı aidiyyatı hüquq-mühafizə orqanlarına müraciət eləməlidir və əgər ona ziyan dəyibsə, bununla bağlı araşdırma aparılır, onların barəsində cinayət işləri də kifayət qədər var. Və cinayət işləri məhkəməyə də verilir. Dəymiş ziyanla bağlı isə həm cinayət işinin tərkibində həmin dəymiş ziyanın tələb edilməsi qaydasında yəni mülki iddiaçı qismində tanınaraq həmin məbləğ tələb edilə bilər. Həmçinin cinayət işi yekunlaşandan sonra hökm əsasında da mülki iddia qaldırıla bilər".
İndiki vəziyyətdə isə bununla bağlı hər hansısa qanunvericiliyin qəbul ediləcəyi hələ ki real görünmür. Hazırda tək çıxış yolu vətəndaşların maraqlandıqları mənzilə baxıb əmin olmadan, ödəniş etməmələridir.