Tutulan faizlər
Bölmə: Sosial › ,Tarix: 22:58 11.01.2024
Bankomatların qarşısında uzun növbələrin olmasına tez-tez rast gəlirik. Xüsusilə də ayın sonunda təqaüd və sosial müavinət almağa gedən vətəndaşlar növbələrdə xeyli vaxt itirməli olurlar. Buna səbəb ya ərazidə bankomatların sayının az olmağı, ya da ki digər bankın bankomatından nağdlaşdırma edərkən komissiyanın çox tutulmasıdır. Bəs belə olduğu təqdirdə həmin kateqoriyadan olan şəxslərə güzəştlər edilə bilərmi?
Pensiya və sosial müavinət almaq istəyən kart sahibləri pulu çıxartmaq üçün uzun müddət sırada gözləməli, ya da başqa bankın bankomatlarından çıxarmalı olurlar. Belə hallarda isə bankomat sahibi olan banklara komissiyalar ödəmək lazım gəlir. Bəzi hallarda komissiya elə yüksək olur ki, həmin bankın bankomatından nağd pul çıxarmaq sərfəli olmur.
Ekspertlər deyirlər ki, banklar arasında xüsusi bir mexanizm tətbiq edilməlidir. Müştəri və bankomatların sayına uyğun olaraq əlçatanlıq təmin olunmalıdır.
İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, müxtəlif bankomatlardan pulun nağd şəkildə götürülməsi bütün bunlar bankların xidmətlərinə aid olan bir istiqamətdir, lakin nəzərə alsaq ki, bankomatlarla təchizat səviyyəsi həm bütün banklar üzrə, eyni zamanda regionlar üzrə eyni səviyyədə paylanmayıb.
"Ucqar kəndlərimizdə bununla bağlı ciddi problemlər bu gündə qalmaqdadır. Bankomatları sayı bir mənalı olaraq artırılmalıdır, eyni zamanda bir bankomatdan digər bankın kartı ilə pulun çıxarılması kütləvi olaraq mümkün deyildirsə, belə və yaxud iqtisadi cəhətdən sərfəsizdirsə də, məhz təqaüdçülər və pensiyaçılar baxımından vahid bir yanaşmanın tətbiq edilməsi ən azı bu qəbildən olan insanların bankomat əl çatanlığının təmin olunması üçün bu addımın atılmasına ehtiyac vardı", deyə ekspert yekunlaşdırıb.