10 və 11-ci siniflərin məzmununa yenidən baxmalıyıq -Emin Əmrullayev
Bölmə: Sosial › ,Tarix: 23:10 12.01.2024
“Biz həqiqətən də 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür?” -Bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev televiziya kanallarından birinə müsahibəsində deyib. Nazir bildirib ki, kurikulum tədris proqramına əsasən, orta məktəblərdə 9-cu sinifə qədər bütün dərs proqramı tədris olunub bitirilir. 10 və 11-ci siniflərdə isə 5-ci sinifdən etibarən keçilən mövzuların daha geniş formada tədrisi nəzərdə tutulur.
Müəllimlər deyir ki, hazırki proqramı 9 il müddətinə tam tədris etmək mümkün deyil.
"Ali riyaziyyat keçilir 10-cu sinifdə onu necə 9-cu sinifə sığışdırmaq olar? Digər fənnlərdə də eynidir. 9-cu sinifə kimi bu yüngülləşdirilmiş bir proqramdır. Onunla harasa oxumağa getsələr, ali təhsil almağa qane ediləcək bir proqram deyil. Orta təhsildə yəni,orta məktəblərdə material çoxdur. Onu 9-a sığdırmaq qeyri-mümkündür. Məsələn, ingilis dilinin özündə 16 zaman var. Düzdür, 1-ci sinifdən ingilsi dili keçilsə də, axı biz 1-ci sinif uşağına qrammatika keçə bilmirik. Oda ki,hissə-hissə uşaqlara aşılamaq lazımdır, hissə-hissə uşaqlar onu tam dərk eləsin, tam anlasın ".
Qanunvericiliyə əsasən, şagirdlərin 11 illik bazaya uyğun olaraq təhsil almağı məqsədəuyğun hesab edilsə də, hər hansı bir məcburiyyət yoxdur. Yəni 9-cu sinifi bitirən və attestatını alan şagird təhsil almaq istəmədiyini bildirərək məktəbi tərk edə bilər. Ekspertlər deyir ki, bu səbəbdən də bəzi fənlər var ki, bütün mövzular 9-cu sinifə qədər əhatəli deyil, lakonik formada tədris edilir.
Təhsil eksperti Elçin Əfəndi bildirir ki, 9 illik bazaya qədər şagirdlərin fənlər üzrə müvafiq bilik və bacarıqları formalaşır, amma tam əhatəli formada deyil.
"10-cu 11-ci sinifdə biz onu görürük ki, tam əhatəli formada bütün fənnlər üzrə mövzular şagirdlərə tədris olunur. Ona görə də düşünmürəm ki, biz 10-cu,11-ci sinifi ümumiyyətlə ləğv etməliyik, əksinə bilirsiniz ki, dünyanın əksər qabaqcıl ölkələrində müvafiq olaraq dərslər hətta 12 illik tədris əsasında həyata keçirilir. Fikrimcə, biz 11 illikdən sonra əlavə 1 il də 12-ci sinifi yox, düşünürəm ki, erkən yaşda şagirdlərin bilik və bacarıqlarının formalaşması üçün elə 5 yaşdan məktəbə hazırlıq qruplarına yazılmasını bütün ərazi üzrə respublikanın müxtəlif bölgələrində təşviq etməliyik".
Qeyd edək ki, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14 il, ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir.