Təkərçi xanım

Bölmə: Sosial › ,
Tarix: 23:36 12.01.2024

Zərif amma zəif olmayan qəhrəmanımızdan danışacağıq. İşinin ağırlığı sənətinə sevgi ilə yanaşdığına görə ona asan gəlir. Söhbət xanım təkər ustasından gedir. 

 

Təkərçi Ülviyyə xanım. Atasını uşaq yaşlarında itirib. Özü ilə bərabər 9 bacı-qardaşdırlar. Deyir ki, ailənin ehtiyaclarını qarşılamaq üçün yeniyetmə yaşlarından işləməyə məcbur olub. 16 yaşından başlayaraq ustaların yanında bu işin sirlərini öyrənməyə çalışıb. İndi 39 yaşı olan qadının öz biznesi var. 

 

Ülviyyə Əliyeva deyir ki, Azərbaycanda ilk və tək xanım olaraq təkər ustası odur.

 

"Bununla özümlə qürur duyuram. Tədbir vaxtı klubda bir çəkiliş oldu və orada mən Azərbaycamda ilk və tək olan karopka ustası Nüşabə xanımı gördüm və ondan sonra daha da özümə inandım. İnamla bu işin üzərində addım atmağa başladım. Dəfələrlə bizə tərəddüd oldu ki, bəli ola bilər ki alınmasın, düşündük hətta elə vaxt oldu ki, biz firmalardan mal götürə bilmirdik. Realizasiyayla bizlə işləmək istəməyən çox oldu. Yəni siz xanımsız, öhdəsindən gələ bilmırsiz, yəni belə desək, biznesinizi batıra bilərsiz hətta sizlə bərabər biz də bata bilərik. Bacarmayacaqsan deyənlərə hal-hazırda özümü sübut etdim ki , mən bacarıram. Motivasiyamı daha da yüksək saxlayıram. Bəli, mən buyam, mən bu sənətimi, bu işimi sevirəm, buraya ruhumu , canımı, sevgimi, hər şeyimi qoyuram . Artıq yetərincə bizim müştəri bazamız var. Bizim xanım olduğumuza görə deyil, bizim gördüyümüz işə görə buradadılar".

 

Xanım usta deyir ki, bu sənətin bəzi sirləri var ki, bir çox kişi həmkarlarım bilmir.

 

 

"Elementar bir şey deyim . Bu gün bu təkəri standart olaraq bu vəziyətdə saxlayırıqsa, biz hər bir aydan bir bu təkərin yerini, istiqamətini bu şəkildə dəyişməliyik. Çünki artıq burada təkərin tərkibində olan bütün maddə bura çöküntü hissəsi verir və bu hissə qurumağa başlayır. Quruduğu halda isə biz bunu hər bir aydan bir belə fırlatdıqca həmin o qatqı maddəsini təkərin tərkibində yenidən onun dövriyəsinə buraxırıq". 

 

Ülviyyə Əliyeva bu işi öyrənmək istəyən digər xanımlardan da köməyimi əsirgəmədiyini deyir.  

 

Gülnar Ələmdarqızı