Sumqayıt-Xırdalan-Bakı sürətli elektrik qatarı niyə gecikib?-ADY Mətbuat xidmətindən AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 16:09 16.01.2024

15.01.2024-cü ildə səhər saat 07:20-də Sumqayıtdan hərəkətə başlayan qatar saat 07:59-da Bakı Dəmiryol Stansiyasına çatmalı olduğu halda, 21 dəqiqə gec, yəni saat 08:20-də mənzil başına yetişib. Gecikməyə səbəb kimi texniki nasazlıqlar göstərilib. Belə hallar hələ də baş verməyə davam edəcək mi? Bu problemlərin baş verməməyi üçün hansı tədbirlər görülür?

 

Məsələ ilə bağlı informator.az-a "Azərbaycan Dəmir Yolları"nın mətbuat xidməti açıqlama verib. 

 

"Məlumat üçün bildirmək istəyirik ki, ADY-nin sərnişin hərəkət vasitələri parkına 2015-2019- cu illər ərzində İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan 9 ədəd 2 mərtəbəli, 2 sistemli, 4 vaqonlu elektrik qatarı qəbul olunub".

 

Məlumatda qeyd olunub ki, qatarların gündəlik texniki baxışları və planlı təmirləri qrafik üzrə texnoloji prosesə əsaslanaraq həyata keçirilir. 

 

"Bu hərəkət vasitələri yeni nəsil qatarlar olduğundan onlarda innovativ diaqnostika və təhlükəsizlik sistemləri quraşdırılıb. Sözügedən sistemlər özünü diaqnostika etmək imkanına malik olmaqla bərabər, həmçinin mütəmadi olaraq əyləc, təhlükəsizlik, klimatik və idarə etmə sistemlərini yoxlayaraq məlumatları mərkəzi diaqnostika displeyində əks etdirir və texniki personalı xəbərdar edir. Bu məlumatlar əsasında yaranmış nasazlıqlar aradan qaldırılır. Qatarlar texniki cəhətdən saz vəziyyətdə reysə buraxılır. Əgər qatarda hər hansı texniki nasazlıq halı müəyyən edilərsə, həmin qatarın reysə buraxılmasına qəti icazə verilmir".

 

Mətbuat xidməti qeyd edib ki, eyni zamanda ADY sərnişin və yüklərin təhlükəsiz daşımalarını təmin etmək üçün mütəmadi olaraq dəmir yollarında Diaqnostika qatarı ilə monitorinqlər aparır: yolun, kontakt şəbəkəsi, işarəvermə və rabitə qurğularının texniki vəziyyətini yoxlayır. 

 

"O cümlədən infrastrukturun saz vəziyyətdə saxlanılmasına cavabdeh olan məsul işçilər sahələrdə qeydə alınmış nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görür".

 

Mətbuat xidməti onu da bildirib ki, qatarların gecikməsi və hərəkət qrafikindən kənara çıxması bir çox hallarda kənar təsirlərdən qaynaqlanır.

 

"Belə ki, infrastrukturun saz vəziyyətdə istismar olunmasına mane olan kənar təsirlər qatarların normal rejim üzrə hərəkətinə çətinliklər yaradır. Əsasən də payız-qış fəsillərində hava şəraitinin kəskin dəyişməsi, o cümlədən 13 yanvar tarixindən etibarən Bakıya və ətraf rayonlara qar yağması və güclü küləyin əsməsi nəticəsində (intensiv yağışların/qarın yağması, zəlzələ və s. kimi hadisələr) hərəkətin təhlükəsizliyinin təmin olunması, sərnişin və yüklərin mənzilbaşına təhlükəsiz çatdırılması üçün qatarların sürət həddi müvəqqəti olaraq endirilir. Bu kimi hallar zamanı qatarların idarə olunması ilə bağlı dəmir yollarının müvafiq təlimatlarına əsasən lazımı addımlar atılır".

 

Açıqlamada əlavə edilib ki, bəzi hallarda güclü külək zamanı məsul qurumların elektrik enerjisinin verilməsində yaratdığı fasilələr və ya texniki nasazlıqlar, o cümlədən kommunikasiya xətlərində baş vermiş qəza halları da qatarların hərəkət qrafikindən çıxmasına səbəb olur.

 

"Dəmir yolu infrastrukturuna və qatarlara edilmiş kənar müdaxilələr (oğurluq, kənar əşyaların relslərin üzərinə qoyulması, nəqliyyat vasitələri və insanların qəfil qatarın qarşısına çıxması və s.) də qatarların hərəkətinə çətinliklər yaradır".

 

Mətbuat xidməti son illərdə dəmir yollarında baş verən bir sıra hadisələr barədə məlumat verib:

 

"Bu il dəmir yollarında baş vermiş oğurluq hallarının sayı 55 olub. (2022-ci ildə bu rəqəm 98 olub) Adi bir naqilin kəsilməsi işıqforların uzun müddət qırmızı yanmasına və qatarların yolda hərəkətini dayandırmasına gətirib çıxarır.

 

2023-cü ildə 10 dəfə oğurluğa cəhd olunub. (2022-ci ildə bu rəqəm 18 olub). DİN-in dəmir yolu nəqliyyatında Polis İdarəsi ilə birgə fəaliyyət nəticəsində bu kimi halların qarşısının alınması və şübhəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər görülür.

 

2023-cü ildə relslərin üzərinə kənar əşyaların qoyulması üzrə 23 fakt aşkar olunub, 2022-ci ildə isə bu rəqəm 14 olub.

 

Qatarlara daş atılması ilə bağlı 2023-cü ildə 28 fakt, 2022-ci ildə isə 11 fakt qeydə alınıb.

 

2023-cü ildə nəqliyyat vasitələrinin qatarın yoluna qəfil çıxması və sürücülər tərəfindən Yol hərəkəti qaydalarının ciddi pozulması nəticəsində 28 toqquşma hadisəsi baş verib, 5 nəfər dünyasını dəyişib, 9 nəfər isə xəsarət alıb.

 

2023-cü ildə insanların qatarların qarşısına qəfil çıxması nəticəsində 16 hadisə (2022-ci ildə isə 23 hadisə) baş verib. Baş vermiş hadisə nəticəsində 2023-cü ildə 9 nəfər, 2022- ci ildə isə 13 nəfər həyatını itirib.

 

2023-cü ildə insanların qatarın yoluna qəfil çıxması nəticəsində maşinist tərəfindən 19 dəfə təcili tormozlanma aparılıb, 2022-ci ildə 13 analoji hal baş verib.

 

Mal-qaranın qatarların qarşısına çıxması halları 2023-cü ildə ötən ilin eyni dövrü ilə müqayisədə artmış və 39 fakt qeydə alınıb, 2022-ci ildə isə 24 analoji hal baş verib".

 

Lalə Qafarova