Quru meyvələr və onların sağlamlığa təsiri -Ekspert açıqladı
Bölmə: Sosial › ,Tarix: 18:01 16.01.2024
Qurudulmuş meyvələr necə hazırlanır, kimyəvi proseslərlə qurudulmuş meyvələrin insan sağlamlığına zərərləri varmı, varsa nələrdir? Mövzu ilə əlaqədar Nutrisioloq və qida mühəndisi Fərid Səfərov Informator.az-a açıqlama verib.
Fərid bəy bildirib ki ,qurudulmuş meyvələr özündə müxtəlif mineral və vitaminləri birləşdirir. Ancaq bunun müsbət və mənfi tərəfləri mövcuddur.
" Öncəliklə qurudulmuş meyvələrdən istifadə edərkən miqdarına diqqət etmək lazımdır, çünki meyvələr qurudularkən tərkibindəki su xaric olduğu üçün ölçüsü kiçilib yüngülləşsə də, kalori və səkər miqdarı artır, bu isə artıq enerji və kalori qəbuluna səbəb ola bilər. Yəni, normadan artıq qəbulu xeyirdən çox ziyanlıdır".
Fərid bəy qeyd edir ki, meyvələr qurudulmadan öncə bir neçə prosedurdan keçirlər.
"Digər bir məsələ odur ki, meyvələri qurutmadan əvvəl bir neçə prosedur həyata keçirilə bilər, bu meyvənin qaralmasının qarşısını almaq üçün tətbiq olunur. Kükürdləşmə, askorbin turşusuna batırma, meyvə suyuna batırma, etil oleat prosesi, şəkər şərbətində qaynatma və buxarlandırma və s. Bundan sonra isə bir neçə üsulla qurutma prosesi həyata keçirilir, məsələn, dolaylı alovlama rejimli qurutma və günəşdə təbii qurutma. Daha sonra isə qablaşdırılaraq satışa çıxarılır".
Ekspert qablaşdırmada olan meyvə qurularını alarkən diqqət edilməli olan nüansları vurğulayıb.
"Bu cür hazır qablaşmada olan meyvə qurularını alarkən və istifadə edərkən diqqətli olmaq lazımdır. İstehsal tarixi, yararlılıq müddəti və tərkibində qida əlavələrinin olmasına baxmaq vacibdir. Keyfiyyətli quru meyvə süni parıltılı yox, mat və parıltısız olmalıdır. Düzgün texnologiya ilə hazırlanan təbii quru meyvənin xarakterik qoxusu olmalıdır".
Fərid bəy son olaraq bildirib ki, təkcə qurudulmuş meyvə yox, qidalanmağımız üçün aldığımız hər bir qidanın düzgün şəkildə saxlanmasına, hansı şəraitdə satılmasına, görünüşünə, rənginə, dadına, qoxusuna, tərkibinə baxaraq almaq sağlamlığımızı qorumaq üçün atacağımız birinci addım olmalıdır.
Aydan İsayeva