Distant təhsilə keçilir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:17 16.01.2024
2020-ci ildə pandemiya səbəbilə dərslər distant formada tədris olunduğu zaman məktəblərdə "Teams" proqramından istifadə edir, bu proqram vasitəsilə dərslər onlayn şəkildə keçilirdi.
Sonradan tədris əyani şəkildə bərpa olunsa da, məktəblərdə teams şifrəsini itirənlərə "şifrənizi yenidən bərpa edin" deyildiyi ilə bağlı fikirlər var.
Bu da bir çox məktəblinin, valideynin ağlında "distant təhsilə keçiləcək"? sualını yaradır.
Təhsil eksperti Rizvan Fikrətoğlu sözügedən məsələ ilə bağlı informator.az-a açıqlama edib. Ekspertin sözlərinə görə, qızılcaya yoluxma hallarının artması məktəblərdə distant təhsilə keçilməsi barədə müzakirələrə səbəb olur.
"Hazırkı vəziyyətdə məktəblərdə qapanma planlaşdırılmır. Xəstəliyin dalğası artarsa, qapanma siniflər və məktəblər üzrə mərhələli şəkildə ola bilər. Bu, həmin sinifin və məktəbin şagirdlərinin qızılcaya yoluxması dinamikasına uyğun həyata keçiriləcək".
Ekspert qeyd edib ki, distant təhsillə bağlı Azərbaycanın yetərincə təcrübəsi var.
"COVID-19 pandemiyası dövründə bu təcrübə əldə edildi. Ümumiyyətlə, mövcud vəziyyətdə ölkəmiz təhsilin distant formasına hazır deyil. Pandemiya dövründə qəbul imtahanlarında nəticələrin zəifliyi, habelə PISA qiymətləndirməsində dünya ölkələri arasında məktəblilərimizin aşağı nəticə göstərməsi bunu təsdiqlədi.
Yeni il tətili bir tərəfdən yaxşı oldu ki, təhsil müəssisələrində dezinfeksiya işləri aparıla bildi, təhsilalanlar bir müddət evdə qaldılar. Bu müddət xəstəliyin dalğasının geniş yayılmamasına qismən də olsa təsir etdi".
Ekspertin fikirlərinə görə, ümumiyyətlə, bütün təhsil müəssisələrində tibbi fəaliyyət yüksək səviyyədə təşkil edilməlidir. Bir sıra məktəblərdə tibbi otaqlarının olmaması, tibbi personalın çatışmazlığı problemli məsələlərdəndir.
"Təhsilalanlar daim nəzarətdə saxlanılmalı, ilkin müayinələr aparılmalıdır. Çünki insanlar müxtəlif ərazilərdə, fərqli şəraitdə yaşayırlar. Səhhətində problem olan şagirdlər məktəbdən uzaqlaşdırılmalıdır.
Tövsiyə edirəm ki, valideynlər qabaqlayıcı tədbirlər görmək məqsədilə övladlarına mütləq qızılca və digər müvafiq yoluxucu xəstəliklərə qarşı vaksin vurdursunlar. Çünki xəstəliyin profilaktikasında peyvəndlənmənin əhəmiyyəti vacibdir. Məktəblərdə fəaliyyət göstərən tibbi personal bu kimi məsələləri diqqətdə saxlamalıdır".
Rizvan bəy sonda qeyd edib ki, bir neçə müddətdir məktəblərdə yenidən “Teams”proqramı mövzusunun aktuallaşması və bu kimi məsələlər təşviş yaratmamalı, ehtiyat tədbirləri kimi qiymətləndirilə bilər. Bu, yenidən hər hansısa bir qapanmanın olacağı mənasında başa düşülməməlidir.
Təhsil eksperti Cahid İmanlı saytımıza etdiyi açıqlamada bildirib ki, "Teams" sistemi şagirdlərin kütləvi onlayn-distant təhsil sistemidir.
Müsahib deyir ki, hazırda bəzi məktəblərdə müəyyən siniflər qızılca epidemiyasına görə dərslərini "Teams"-da davam etdirirlər.
"Ümumiyyətlə bundan sonrakı dövrlərdə qapanmaları gözləmək lazımdır, burada daha qeyri-adi nəsə yoxdur".
Cahid İmanlı sonda əlavə edib ki, bunun dünyada yayılan yeni qrip ştammına görə qabaqlayıcı hazırlıq tədbirlərindən birinin olması da istisna deyil.
Banuçiçək Kalbalıyeva