Qarlı və şaxtalı hava şəraitinin rayonlara olan reyslərə təsiri

Bölmə: Sosial › ,
Tarix: 20:27 16.01.2024

Qarlı-şaxtalı hava ilə bağlı Bakı Beynəlxalq Avtovağzaldan üzü rayonlar istiqamətində bəzi reyslər təxirə salınıb. Yolların qar və buzdan təmizlənməsindən sonra həmin xətlər bərpa olunub. Proses müəyyən qədər vaxt apardığından həmin müddət ərzində sərnişinlər bəzi problemlərlə üzləşib, söhbət süni qiymət artımından gedir.

 

Təxirə salınan reyslər Qəbələ, İsmayıllı və Naxçıvan istqamətlərində idi. Amma bəzi sərnişinlərin sözlərinə görə qərb rayonlarına da avtobus tapmaq çətinləşib. Belə olan halda mənzil başına tələsənlər məcburən taksilərə üz tutub.

 

Taksi sürücüləri də qiymət artımını təstiqlədi. Səbəbini isə yolların buz bağlaması ilə əlaqələndirdilər.

 

Mövcud vəziyyət müvəqqəti xarakter daşıyır. Aidiyyəti qurumdan deyildi ki, artıq təxirə salınan reyslər bərpa olunub. Hazırda rayonlar istiqamətində sərnişindaşımada hər hansı problem müşahidə edilmir. 

 

AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, Yerüstü Nəqliyyat Agentliyinin monitorinq mərkəzi vasitəsilə xəttə çıxan bütün avtobuslar real vaxt rejimində nəzarət olunur. 

 

"Eyni zaman da qeyd edək ki, ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara 130 reys həyata keçirilib və 3825 sərnişin paytaxtdan regionlara rahat şəkildə çatdırılıb". 

 

Qurumdan o da bildirildi ki, ümumilikdə hazırda Bakıdan bölgələrə sərnişin axını zəifdir. Amma buna baxmayaraq bütün istiqamətlər üzrə reyslər təşkil edilir, daşımaların təhlükəsizliyinə isə ciddi nəzarət olunur.