Yanvarın 20-də Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 14:24 18.01.2024

Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək

 

Dəyişikliklərlə bağlı Bakı metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov İnformator.az-a açıqlama edib.

 

O gecənin xatirəsini daim qoruyan Bakı metropolitenində silsilə tədbirlər planlaşdırılıb.

 

Müsahib bildirib ki, Yanvar ayının əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilib.

 

"Stansiyada bərpa hazırlıq tədbirləri yekunlaşmaq üzrədir.
Yanvarın 19-dan 20-nə keçən gecə “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiyanın platformasının hər iki giriş sahəsində qərənfillərdən ibarət xüsusi tərtibatlı çələng qoyulacaq".

 

Mətbuat katibi metropoliten nümayəndələrinin Şəhidlər Xiyabanına gedəcəyini də qeyd edib:

 

"Metropolitenin çoxminlik kollektivinin nümayəndələri gün ərzində şəhidlərimizin, o cümlədən müdhiş gecənin qurbanları arasında olan iki metropolitençinin - İlqar Qarayev və Əflatun Kazımovun əbədi xatirəsinə ehtiram olaraq, Şəhidlər Xiyabanını ziyarət edəcək.

 

Şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti olaraq, Yanvar ayının 20-si günün birinci yarısında “20 Yanvar” stansiyasının platformasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək. Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə günün ruhuna uyğun vətənpərvərlik mövzusunda musiqi parçaları səsləndiriləcək. Qatarlarda stansiyaların adlarını maşinistlər səsləndirəcəklər".

Metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

 

" “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı halda xəttə buraxılacaq".

 

"Bütün ölkədə olduğu kimi, şəhidlərimizin xatirəsinə birdəqiqəlik sükut mərasimi 12:00-da Bakı metropoliteninin bütün stansiyalarında keçiriləcək və qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək. Bu məqsədlə xətlərdə olan bütün qatarlar stansiyalara çıxarılacaq. “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivin üzvləri sükut dəqiqəsində stansiyaya gələn sərnişinlərlə, o cümlədən ictimaiyyətin nümayəndələri ilə birlikdə olacaq.
Allah bütün şəhidlərimizin məqamını daim uca etsin!"

 

Zəhra Həsənova