Piyadaların məsuliyyətsizliyi

Bölmə: Sosial › ,
Tarix: 19:25 18.01.2024

Piyadavurma ilə nəticələnən yol qəzalarının demək olar ki, sayı-hesabı yoxdur. Baş verən hadisələrdən sonra yayılan görüntülərə nəzərə yetirəndə sürücüyəmi yanasan, piyadanın ölümünəmi heyfslənəsən, bilmirsən. Amma nədənsə cəmiyyətin əksəriyyəti bir çox hallarda "sürücüdür günahkar" deyir. Belə hadisələrdən birinin görüntüləri üzərindən mütəxəssis yanaşmasını dinləyək.

 

İşıqforla tənzimlənən eynisəviyyəli piyada keçidi: Hərəkət üstünlüyü isə avtomobillərdədir. Bu zaman qırmızı işığa məhəl qoymayan piyada qaçaraq yolu keçmək istəyir. İkinci zolağı ötüb, birinciyə ayaq basanda minik maşını onu vurur. Yasamal rayonu Mətbuat prospektində baş verən bu hadisədə piyada qismində olan əksəriyyət sürücünü qınayır, hətta ünvanına olmazın sözlərini yağdırırlar. Amma soruşandaki yolu necə keçmək lazımdır? Eşitdiyin cavab eyni olur.

 

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, piyada üçün yol hərəkəti təhlükəsizliyinin qırmızı xətlə altı cızılan düsturu belədir ki, özünü qorumalısan. 

 

""Özünü qoru" o deməkdir ki, bütün təhlükələri maksimum dərəcədə önlə, proqnozlaşdır. Ola bilsin, sizin üçün yaşıl işıqdır, amma yenə də diqqətli olmaq lazımdır. Yol hərəkəti təhlükəsizliyində belə bir şey var, piyadanın yolu qaça-qaça keçməyi çox təhlükəlidir, çünki sürücüləri və digər hərəkət iştirakçılarını çaşdıra bilər. Kimsə buna riayət etmirsə, onun məsuliyyətini o özü daşımalıdır".

 

Amma reallıq bunun tam əksidir. Yollarda piyadaların məsuliyyətsizliyinin cəzasını əksər vaxt sürücülər çəkir. Ekspertlər deyir ki, aparılan təhlillərə görə Rusiya, Fransa, Türkiyə kimi ölkələrdə bu tip qəzalara hüquqi qiymət vermə mexanizmi Azərbaycanla eynidir, amma tətbiqində ciddi fərqlər var.

 

Nəqliyyat eksperti qeyd edib ki, adını çəkdiyimiz ölkələrdə orta statistik olaraq yollarda piyada vurma hadisələrində sürücülərin təqsiri 50,60 civarında olur, yəni yarıdan biraz çox olur.

 

"Amma bizim təcrübədə çox təssüf ki, sürücülərin təqsirləndirməsi 97 faizdir, cəmi 3 faiz hallarda sürücünün təqsiri yoxdur. Bu da təbii ki, açıq-aşkar qanunsuzdur, ədalətsizdir".

 

Yollarda təhlükəsizliyə nəzarət edənlər deyir ki, piyadanın vurulması ilə nəticələnən qəzalardan sonra araşdırma aparılır. Əgər piyadanın qayda pozuntusu sübuta yetirilsə sürücüyə cəza verilmir.

 

BŞDYP-nin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Toğrul Nəsirli bildirib ki, apardığımız müşahidələr göstərir ki, piyadaların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin böyük əksəriyyəti əsasən piyada keçidlərinin yaxınlığında baş verir. 

 

"Məsələn yeraltı piyada keçidinin üstündə, yerüstü piyada keçidinin altında və yaxut da bərabərsəviyyəli piyada zolağının yaxınlığında baş verir. Nəzərə almalıdırlar ki, bu onların həyatı üçün də təhlükəlidir və öz növbəsində digər yol hərəkəti işdirakçılarını xüsusi ilə də sürücülərin həyatını təhlükəyə atırlar".

 

Yol hərəkəti haqqındakı mövcud qanuna görə qayda pozan piyadalar 20-40 manat məbləğində cərimə olunurlar. Amma ekspertlər bunun kifayət etmədiyini bildirir. Hətta qeyd edilir ki, hazırda məsuliyyətsiz piyadalara nəzarət ürəkaçan səviyyədə deyil.