Güclü mərkəzlər İranı müharibələr burulğanına çəkirlər, İran da bu proseslərdə iştirakçıya çevrilir-İlyas Hüseynov
Bölmə: Siyasət › ,Tarix: 23:22 18.01.2024
Bildiyimiz kimi, son günlər İran və Pakistan arasında siyasi və hərbi toqquşmalar baş verir.
Əldə edilən son məlumatlara görə, Pakistan ordusu yüksək döyüş hazırlığı vəzuyyətinə gətirilib.
Nüvə silahına sahib olan iki dövlətin müharibəsi nələrə səbəb olacaq?
Yaxın Şərqdə siyasi vəziyyət necədir?
İnformator.az- a açıqlama edən politoloq İlyas Hüseynovun sözlərinə görə, Pakistan və İran arasında olan qarşıdurma dünya siyasətində, müasir beynəlxalq münasibətlər sistemində gərginliyin bir qədər də artmasına, müharibə risklərinin gücləndirilməsinə, eskolosiya ocaqlarının daha da artmasına səbəb oldu.
" İran Yaxın Şərqdə baş verən proseslər fonnunda İraqa, Suriyaya və Pakistana zərbələr endirir, Pakistan da İrana cavab verir. Bu cavablar özünü həm də siyasi müstəvidə göstərir. Bütün bunlar da onu deməyə imkan verir ki, qonşuluğumuzda olan İran da yeni müharibəyə cəlb olunur, bunu könüllü şəkildə edir. Digər güclü mərkəzlər də var ki, onlar İranı müharibələr burulğanına çəkirlər, İran da bu proseslərdə iştirakçıya çevrilir".
Siyasi şərhçi düşünür ki, Rusiya-Ukrayna müharibəsi fonnunda Yaxın Şərqdə baş verən proseslər digər müharibə ocaqlarını gücləndirir.
Bəs, Azərbaycanın bu müharibəylə bağlı mövqeyi necə ola bilər?
"Əlbəttə, Azərbaycanın yerləşdiyi geostrateji bölgə hər zaman region analiz etməyə və geopolitik mənzərəni proqnozlaşdırmağa sövq edir. Yəni biz bütün regionu, hətta regiondan kənar prosesləri də çox yaxşı bilməliyik, hətta deyə bilərdim ki, Vətən müharibəsindən öncə bütün geopolitik gedişatları düzgün hesablamağımız bizim qələbəmizi şərtləndirdi. Bizim regional ittifaq və layihələri, nəqliyyat, logistika, neft-qaz layihələrini düzgün anlamağımız və burada təşəbbüslərlə çıxış etməyimiz şübhəsiz ki, bu günki geosiyasi reallıqları formalaşdırmağa səbəb oldu. Düşünürəm ki, bu gün də həm Postsovet məkanında baş verən transformasiyalar, həm də Yaxın Şərqdə böyük, Orta Doğu coğrafiyasında əmələ gələn yeni çağırışlar və təhdidlər bizim də yenidən düşünməyimiz üçün əsasdır və bu konteksdə Azərbaycan öz milli təhlükəsizliyini, xarici siyasətdə taktika və strategiyalarını, eləcə də ölkəmizin geosiyasi mövqeyini bəlirləməli, geopolitik vektorları düzgün formalaşdırmalı və bunun əsasında ölkəmizin siyasi və geosiyasi gələcəyi yaradılmalıdır".
Siyasi analitik əlavə edir ki, Azərbaycan bu məqsədlərə və hədəflərə çatmaq üçün bütün imkanlarını səfərbər etməlidir ki, təhlükəsizliyimiz təmin olunsun, qida, siyasi dəyərlər zənciri əmələ gəlsin və tarixi qələbəmizə kölgə sala biləcək heç bir faktor müəyyənləşməsin.
" Çünki Ermənistanın əsas məqsədi regionda və dünyada baş verən geopolitik balansın pozulmasında özləri üçün müsbət dividentlər əldə etmək imkanıdır, onlar bu imkanın axtarışındadır. Biz bunu erməni ekspertlərin, politoloqların, deputatların və rəsmilərin çıxışlarında aydın konteksdə görürük. Ona görə də bu imkanları onlara tanımaq olmaz. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünün təhlükəsizliyini təmin edib. İlk dəfədir ki, uzun illər ərzində silah səsləri eşidilmir, sülh və sabitlik hökm sürür və bu nailiyyətləri qorumaq, gələcək nəsillərə ötürmək, onların hüquqi əsaslarını yaratmaq borcumuzdur".
Nəzrin Mirzəyeva