Tarixdə bu gün-20 yanvar hadisələri
Bölmə: Sosial › ,Tarix: 23:30 19.01.2024
Bu gün SSR qoşunlarının Azərbaycana daxil olaraq Azərbaycanın milli istiqlal hərəkatına son vermək və xalqın iradəsini qırmaq üçün Bakıya hücumundan 34 il keçir. 20 yanvar hadisələri Azərbaycanın müstəqil dövlət kimi tanınmasına və beynəlxalq arenada daha geniş tanınmasına səbəb oldu. Qara Yanvar hadisələri bu gündə yaddaşlarda Azərbaycan xalqının iradəsinin bir simvolu kimi qalır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Bu hadisələr SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozulması idi. SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov sonralar bu hadisələri belə etiraf edirdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.
Qorbaçovun bu "səhvi"nin nəticəsində SSR qoşunları 131 azərbaycanlını öldürüb, 400 nəfəri həbs edib və 744 nəfər insanı yaralayıb.
20 yanvar hadisələri nəinki bütün SSR-də həmçinin dünyada da böyük səs küyə səbəb oldu. Dünya mətbuatı 20 yanvar hadisələri haqqında bunları yazırdı:
"Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyanın qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir".
The Guardian qəzeti, 22 yanvar 1990-cı il.
20 yanvar hadisələrini heç bir azərbaycanlı unutmamalı, bundan dərs almalı, bu hadisələri gələcək nəsillərə olduğu kimi çatdırmalıdır.
Yusif Mamedov