Pensiyaçılardan tutulan faizlər

Bölmə: Sosial › ,
Tarix: 12:46 22.01.2024

Bankomatların qarşısında uzun növbələrin olmasına tez-tez rast gəlirik. Hər ay sonunda təqaüd və sosial müavinət almağa gedənlər növbələrdə xeyli vaxt itirməli olur. Buna səbəb ya ərazidə aidiyyatı bankomatların sayının az olmağı ya da digər bankın bankomatından nağdlaşdırma edərkən əlavə pul tutulmasıdır.

 

 

Pensiya və sosial müavinət alanlar hər ay sonunda pul çıxartmaq üçün aidiyyatı bankomata yaxınlaşırlar. Amma uzun müddət növbədə gözləməli olurlar. Buna səbəb bakomatların az sayda olmasıdır. Əslində sıra tutub dəqiqələrlə, saatlarla gözləməyə bilərlər. Vəsaitlərini kartın aid olmadığı bankın aparatına çəkərək. Amma bu üsul sərfəli hesab olunmur.

 

Mövcud problemin daha çox bölgələrdə yaşandığını deyən ekspertlər problemin əsas çıxış yolunu bankomatların sayının artırılmasında görürlər. 

 

İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, müxtəlif bankomatlardan pulun nağd şəkildə götürülməsi bütün bankların xidmətlərinə aid olan bir istiqamətdir, lakin nəzərə alaq ki, bankomatlarla təchizat səviyyəsi həm bütün banklar üzrə eyni zamanda regionlar üzrə eyni səviyyədə paylanmayıb.

 

"Ucqar kəndlərimizdə bununla bağlı ciddi problemlər bu gündə qalmaqdadır. Bankomatları sayı bir mənalı olaraq artırılmalıdır, eyni zamanda bir bankomatdan digər bankın kartı ilə pulun çıxarılması kütləvi olaraq mümkün deyildirsə və yaxud iqtisadi cəhətdən sərfəsiz olsa da, məhz təqaüdçülər və pensiyaçılar baxımından vahid bir yanaşmanın tətbiq edilməsi ən azı bu qəbildən olan insanların bankomata əlçatanlığının təmin olunması üçün bu addımın atılmasına ehtiyac var".

 

Mərkəzi Bankdan məsələ ilə bağlı bildirildi ki, pensiyaların paylanılması üzrə tətbiq olunan xidmət haqları müvəkkil banklarla aidiyyati dövlət qurumu arasında imzalanmış müqavilə əsasında tənzimlənir. Pensiyaların, sosial müavinətlərin digər bankların bankomatında nağdlaşdırılması zamanı tutulan faizlər aidiyyatı bankın sözügedən xidmətə çəkdiyi xərclərin dəyəri ilə əlaqədardır. Qanunla hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, faiz dərəcələrini, komissiya haqlarını müəyyən etməkdə sərbəstdir.