Qəbələyə üz tutan turistlərin sayında artım müşahidə olunur
Bölmə: Sosial › ,Tarix: 12:59 22.01.2024
Son günlərdə qarın yağması ilə əlaqədar qış turizminin inkişaf etdiyi bölgələrə üz tutan turistlərin sayında artım müşahidə edilir. Qəbələdə yerləşən "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksində yerli turistlərlə yanaşı, Yaxın Şərq regionundan olan ziyarətçilərin də sayı artıb. Qarlı dağlarda kanatla gəzintiyə çıxmaq, xizəklə sürüşmək üçün xüsusən isti ölkələrdən Qəbələyə gələn turistlər bu anı yaşamaqdan xüsusi zövq alırlar.
Avropanın qış turizm mərkəzlərindən geri qalmayan kompleksdə bütün şərait yaradılıb. Bunun nəticəsidir ki, Qəbələ son zamanlar Avropa və MDB ölkələrindən də turistləri də özünə cəlb edir.
"Gabala Hospitality Group"un marketinq direktoru Rauf Cahangirov bildirib ki, qonaqlarımız əlbəttə ki, ilk növbədə yerli turistlərdir.
"Daha sonra dünyanın müxtəlif ölkələrindən, xüsusilə körfəz ölkələrindən Pakistan, Hindistan, Qazaxstandan turistlər var. Azərbaycan özünə dünyanın xizək xəritəsində artıq çox yaxşı bir yer edib. Bu da Avropanın və dünyanın xizək ənənələri çox qədim olan coğrafiyalarından belə bizim ölkəmizə marağın artması ilə müşayiət olunur. Avropa ilə yanaşı, MDB ölkələrindən də maraq getdikcə artır. Turistlərin Azərbaycanı və Qəbələni seçməsinə həm məsafə faktoru rol oynayır, həm də qiymətlərin bir qədər uyumlu olması çox təsir edir".
Gün ərzində 3 mindən artıq turisti qəbul etmək gücündə olan kompleksdə xizək trasında 8 sürüşmə zolağı turistlərin istifadəsinə verilib.
Rauf Cahangirov əlavə edib ki, bütün xizək yollarımız, eyni zamanda yeni başlayanlar üçün xizək məktəbimiz fəaliyyət göstərir.
"Tufandağ qış yay turizm istirahət kompleksində bütün növ çətinlik dərəcəsində olan xizək zolaqları var. Bu da istənilən turist, istənilən qış idmanı həvəskarları üçün çox gözəl imkanlar yaradır".
Qeyd edək ki, 2023-cü il ərzində Qəbələ 80 mindən çox yerli və xarici turisti qəbul edib. Bu il ərzində isə turistlərin sayında ən az 20% artım gözlənilir. Qəbələ statistika idarəsinin məlumatına görə, yanvar-dekabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları əvvəlki illərdə olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, ötən il bu ölkənin 11 min 421 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, keçən il Qəbələyə Hindistandan 8987, Birləşmiş Ərəb Əmirliklərindən 7280, Küveytdən 2766, İsraildən 1635, Pakistandan 1388, Rusiyadan 1038, Qətərdən 876, Omandan 702, Türkiyədən 409 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə Bəhreyn, Qazaxıstan, ABŞ və digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib.