Kortəbii şəkildə istifadə edilən sakitləşdirici dərmanlar-Nevroloqdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 17:52 22.01.2024

Paytaxtda 25 yaşlı qız sakitləşdirici dərman qəbul edəndən sonra dünyasını dəyişib. Məlumata görə onun ölümünə artıq doza səbəb olub. Bu hadisənin fonunda kiçik bir araşdırma apardıq, nəticələri sözün əsil mənasında bizi dəhşətə gətirdi. Heç demə hazırda hər on adamdan 4-ü, 5-i sakitləşdirici dərman qəbul edir, özü də kortəbii şəkildə, yəni həkim məsləhəti olmadan istifadə edirlər

 

Sakitləşdirici dərmanlar və ya yuxu gətirən preparatlara maraq gündən-günə artır. Özünə məsləhət görmədiyini rahatlıqla qardaşına, dostuna, sirdaşına tövsiyə edənlər vəziyyətin qəlizləşməsinə səbəb olur. Sakitləşdiricilər hətta əksəriyyətin günlük qidasına çevrilir. Bir müddət istifadə edəndən sonra əksəriyyətdə asılılıq yaranır. Amma elə zənn edirlər ki, fayda verir. 

 

Əczaçılar da son vaxtlar sakitləşdiricilərlə bağlı müraciətlərin artdığını deyir. Nevroloqlar isə bildirir ki, belə dərmanların yayılmasına elə apteklərin də rolu böyükdür. Çünki haqqında danışılan sakitləşdirici dərmanların əksəriyyəti reseptsiz satılmamalıdır. 

 

Nevroloq Ülviyyə Səlimova qeyd edib ki, həkimə getmədən mənim qonşum filan dərmanı qəbul eliyir, atam bunu içir yuxusu yaxşı oldu deyə bu kimi preparatları təəssüf ki, apteklərdən əldə edə bilirlər. Və bu da xəstələrin düzgün istiqamətdə olmayan müalicəsinə, xəsətənin xəsətliyinin ağırlaşmasına səbəb olur.

 

"Bəlkə də heç həmin xəstə tamamilə başqa dərmanla müalicə olmalıdır. Yəni, sonda ağırlaşmış vəziyyətdə və yaxud da yalnış dərmanların qəbulu nəticəsində təbii ki, müxtəlif fəsadlarla nəticələnir". 

 

Bu fəsadlar həkim məsləhəti ilə yazılan dərmanlardan düzgün istifadə edilmədikdə də özünü göstərir.

 

Ülviyyə Səlimova əlavə edib ki, bəzən pasientlər yenidən həkimə gəlmək yerinə özləri öz qərarları ilə əvvəl istifadə etdikləri reseptləri təkrarlamaq qərarına gəlir. Bu da təbii ki, çox yalnışdır. 

 

"Çünki siner sistemini sakitləşdirən dərmanlar, antidepressantlar, yuxu dərmanları öyrəşmə yarada bilən dərmanlar olduğu üçün həkimlər bu preparatları xəstələrə müəyyən vaxt etibarı ilə təyin edir".

 

Bir sözlə, kortəbii şəkildə istifadə edilən sakitləşdiricilər ən yaxşı halda asılılıq yaradır, ən pis halda isə öldürür. Vaxtında xilas olmağın yeganə yolu mütəxəssislərin təyin etdikləri müalicə üsullarıdır. 

 

Lamiyə