Yanğınların baş vermə səbəbləri nələrdir?-Ekspertdən AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 17:54 23.01.2024

"Bütün idarə müəssisələrində, təşkilatlarda, təyinatından asılı olmayaraq bütün obyektlərdə yanğın təhlükəsizliyi haqqında qaydalara əməl olunmalıdır".

 

Bu sözləri İnformator.az-a açıqlamasında təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev deyib.


"Obyektin yanğın təhlükəsizliyi ilə bağlı təhcizatlarla  təmin edilməsində ilkin yanğınsöndürmə vasitələri , yanğın xəbərdaredici siqnalizasiya vasitəsiləri , yanğın dolabları, yanğın dirəkləri, ehtiyyat su çəni, işçilərin yanğın təhlükəsizliyinə dair bilik və bacarıqlarının formalaşması  və.s. kimi önəmli məsələlərə də  diqqət edilməlidir".

 

Ekspert bildirir ki, yanğın baş verməzdən əvvəl , yanğın baş verən an və yanğından sonrakı hal üçün atılan addımlar, görülən tədbirlər kompleks tədbirlərdir.

 

"Obyektlərdə olan işçilər yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidirlər, təchizatlar barədə ilkin  məlumatları , yanmağa, partlamağa meyilli , yanma qabiliyyəti yüksək olan avadanlıqlarla, maddələrlə düzgün davranış qaydalarını bilməlidirlər.  Bütün bu qaydalar ona görə var ki, yanğın baş verməsin. Yanğın baş verməsi ehtimalı olan bütün işlərin görülməsi zamanı yəni açıq oddan istifadə, qaynaq işləri, qığılcım yaradan işlər və.s. kimi başqa işlər  aparılarkən ərazidə yanma riskinin olmadığı nəzərə alındıqdan sonra bu iş prosesinə başlanılmalıdır. Belə olduqda yanğının baş vermə səviyyəsi minimum səviyyədə olur".

Elmar  Nurəliyev qeyd edir ki, obyektdə olan işçilər yanğın baş verdikdən sonra əməl etməli olduqları davranış qaydalarını bilməlidirlər.

 

"Yanğın baş verdikdən sonra işçilər  hansı əlaqəli koordinasiyalı davranış sərgiləməli və  təxliyyə yollarının harada olduğunu bilməlidirlər. İşçilər təxliyyə yolları ilə müəyyən olunmuş toplanış yerinə  toplanır.  Könüllü yanğınsöndürmə dəstəsinin əməkdaşları təxliyyə prosesini, ilkin tibbi yardım prosesini, içəridə qalanların çıxarılması, axtarış , xilasetmə və aidiyyəti üzrə qurumlara ilkin məlumatın verirlər. Koordinasiyalı davranışlar sərgiləyən, təlimi olan işçilər hadisənin böyüməsinin qarşısını alırlar".

 

Ekspert son olaraq vurğulayıb ki, yanğının qarşısının alınmasının əsas yolu obyektlərin təhcizatlarla düzgün təchiz olunmasıdır.

 

"Obyektlərdə yanğın təhlükəsizliyi təchizatı yerində, qaydasında olmalıdır, su hovuzu, yanğın dirəkləri, yanğın xəbərdarlıq, siqnalizasiya vasitələri olmalıdır .
Bunların hər biri qaydasında və işlək vəziyyətdə olarsa, əlbəttə ki, yanğın halları az müşahidə olunar, müşahidə olunduğu zaman isə tez müdaxilə edilə bilər.
Bütün bunlar işlək olmazsa, qarşısı alınmaz yanğınlar olar".

 

Aydan İsayeva