Qeyri-sabit hava şəraitinin və küləyin gəmilərə təsiri

Bölmə: Sosial › ,
Tarix: 19:20 23.01.2024

Ölkə ərazisində ötən axşamdan müşahidə edilən güclü küləklə bağlı bəzi qurumlar əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqla yanaşı təhlükəsizlik tədbirləri də görülüb. Şəhərdəki soyuq və küləyin bir neçə dəfə artığı açıq dənizdə hökm sürür. Bəs bu cür havada gəmilər necə idarə olunur, təhlükəsizlikləri necə təmin edilir?

 

Bakıda və Abşeron yarımadasında sürəti saniyədə 20-23 metrlə başlayan külək səhərin erkən saatlarına bir qədər də güclənərək 25 metri ötdü. Vəziyyətlə bağlı Dövlət Dəniz və Liman Agentliyi gücləndirilmiş rejimə keçdi, “Xəzər”də üzən gəmilərə xəbərdarlıqlar olundu.

 

Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib ki, hidrometeoroloji hadisə haqqında məlumat mərkəzə daxil olan kimi mütəxəssislərimiz təhlil edir və dərhal gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişlərinə məlumatlar ötürürlər.

 

"Bununla yanaşı neft-qaz platformalarına aid olan qurumlara da həmçinin lövbərdə dayanan, hərəkətdə olan gəmilərə də məlumatlar verilir".

 

Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi qeyd edib ki, küləyin azalma anına qədər mütəxəssislərimiz bu məlumatları ötürməyə davam edəcəklər.

 

"Respublikamızın ərazi sularında hərəkətin bölünməsi sistemində, gəmilərin idarəolunmasında köməklik göstəriləcək, həmçinin hərəkətin nizamlanmasını təmin edəcəklər. Hazırda gəmilərin hərəkətinin idarəetmə xidmətinin cavabdehlik ərazisində bütün texniki vasitələrlə müşahidələrin gücləndirilməsi və gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir". 

 

Dövlət Dəniz və Liman Agentliyinin mütəxəssisi İlqar Aslanov bildirib ki, ən hündür dalğa neft daşları istiqamətindədir.

 

"Gəmilər orada lövbər çəkirlər, hazırda Mərdəkan, Şüvalan və Xocalı gəmisi növbə çəkirlər. Nisbətən küləyin zəif olduğu ərazi ancaq Türkan reydidir, bizim gəmilərimiz üçün orada sığınacaq yerimiz var. Bu havada dənizə çıxmaq təhlükəli olduğuna görə oradadırlar".

 

Suda olduğu kimi quruda da təhlükəsizlik tədbirləri gücləndirilib. Avtomobillərin sürətlə hərəkət etdiyi magistrallarda sürət həddi endirilib. Onlardan biri də Zığ dairəsi - Hava Limanı yoludur ki, burada maksimal sürət 20 kilometr endirilib. Bundan başqa məlumatverici lövhədə güclü küləyin olduğunu göstərən işarə də var.

 

Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə sulu qar və qar yağacağı, 3-5 dərəcə şaxta olacağı, yolların buz bağlayacağı ehtimalı var.

 

BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, sürücülər ilk növbədə mövcud havanı düzgün qiymətləndirməli və meteoroloji şəraitə uyğun olaraq sürət həddi seçməlidirlər.

 

"Nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcimli reklam lövhələrinin ümumilikdə küləyin təsiri nəticəsində qopma ehtimalı olan digər əşyaların yaxınlığına və ya altında saxlamamalıdırlar. Piyadalar da öz nöbəsində daha diqqətli olmalı, yolu onların hərəkəti üçün nəzrədə tutulmayan yerlərdən deyil, onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan piyada keçidlərindən istifadə edərək keçməlidirlər".