Sakinlərin qaz problemi illərdir niyə həll olunmur?
Bölmə: Sosial › ,Tarix: 19:46 23.01.2024
Belə soyuq havada evdə bir gün, hətta bircə saat təbii qazın gəlməməsi, hansı problemləri yaradar, bunu təsəvvür etmək çətin deyil. Üstəlik evdə mərkəzi istilik sistemi də yoxdursa, vəziyyəti daha da çətinləşdirir. Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov kücəsi bina 8-in sakinləri 13 ildir bu vəziyyətdə yaşayırlar. Binaya qazın verilişinin dayandırıldığı o vaxtlardan ailələr alternativ üsullara əl atmağa başlayıblar.
"Azəriqaz" İstehsalat Birliyi illərdir davam edən vəziyyətdən xəbərsiz deyil. Amma, o binaya qaz verə bilmərik deyirlər. Çünki, bina qəzalı vəziyyətdədir.
"Azəriqaz" İB-in departament rəisi Rauf Əhmədov bildirib ki, 2011-ci ildən orada qaz təchizatı xətlərinin yararsız vəziyyətdə, təsərrüfatın yararsız vəziyyətdə olması ilə əlaqədar dayandırılıb.
"O binada fövqəladə də həmin vaxtı baxış keçirib rəy verib ki, yataqxanaya ümumiyyətlə qaz verilə bilməz və təsərrüfatına görə də oranın işini saxlayıblar. Sonra Azəriqaz bir neçə müraciətlər edib, lakin heç bir qurum ora müsbət rəy verməyib. Ona görə də ora qaz çəkilməsi mümkün deyil".
Binanın balanssaxlayıcısı - 146 saylı mənzil-kommunal istismar sahəsi də binanın qəzalı olmasına dair fövqəladə hallar nazirliyinin rəyi olduğu təsdiqlədi. Qazın çəkiləcəyinə ümidini itirən sakinlər, heç olmasa mərkəzi istilik xətti çəkilsin, deyirlər. Amma bunun da mümkünsüz olduğu deyilir.
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı qeyd edib ki, Sabuncu ray. Bakıxanov qəs. S.Mehmandarov küc. Bina 8 "Azəristiliktəchizat" ASC mərkəzləşdirilmiş qaydada istiliklə təmin etmir, yəni bu bina " Azəristiliktəchizat " ASC-nin balansında deyil. Bu və digər balansda olmayan binaların mərkəzləşdirilmiş qaydada istilik xətlərinə qoşulması gələcək investisiya proqramlarından asılıdır".
Fövqəladə Hallar Nazirliyi isə xəbərdarlıq edir:
"Mənzil şəraitində qaz balonlarından istifadə, soyuq havada elektrik xətlərinin həddindən artıq yüklənməsi partlayış və yanğın təhlükəsi yaradır. Mehmandarov 8-in sakinləri hər gün bu təhlükənin içindədir".