İllik qəzaların statistikası və səbəblər-EKSPERTLƏR AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 22:06 23.01.2024

Bir il ərzində Azərbaycanda 1636 yol-nəqliyyat hadisəsi baş verib və bu qəzalarda 591 nəfər həyatını itirib. 718 nəfərin yaralandığı hadisələrin 649-u piyadavurma hallarıdır. Nəticədə 358 piyada ölüb, 333 nəfər xəsarət alıb. Bu qəzaların səbəbləri arasında yol infrastrukturu ilə yanaşı məsuliyyətsiz sürücü və piyada amili də var.

 

Nəqliyyat məsələləri üzrə mütəxəssis Ərşad Hüseynov hesab edir ki, hərəkət iştirakçılarının məsuliyyətsiz davranışı təbii ki, var. Amma əvvəlcə bu davranışa qədərki mərhələ, yaxud buna gətirib çıxaran səbəblərə baxmaq lazımdır.

 

"Sürücü ona görə intizamsızdır ki, qeyri-peşəkardır, onu hazırlayan, sürücü edən sistem gətirir ona rəva verir ki, o qeyri-peşəkar sürücü ola bilir. Yol infrastrukturumuzda saysız-hesabsız problemlər var. Hələ də qaranlıq küçələrimiz var, hələ də qeyri-müəyyənliyi ifadə edən yol nişanları var, nişanlanma xəttləri var, işıqforlar var ki, iş rejimləri bəzən qeyri-müəyyəndir. Yol nəqliyyat hadisələrinin təxminən 85-87%-i yaşayış məntəqələrinin ərazisində baş verir. Cəmi 13-15% hadisələr yaşayış məntəqələrindən kənar o magistral saydığımız yollarda baş verir. O hadisələrin də əksəriyyəti məsələn 60%-dən yuxarısı qaranlıq vaxtı baş verir".

 

Müəyyən yolların işıqlandırılmamasının və digər infrastruktur problemlərinin yaratdığı təhlükələri baş dövlət yol polisi idarəsi də təsdiqləyir. Amma statistika, həmçinin kamera görüntüləri, qəza sayında ciddi pay sahibi olan sürücü və piyada məsuliyyətsizliyini də üzə çıxarır.

 

BDYPİ-nin inspektoru Elvin Hacıyev bildirib ki, Baş Dövlət Yol Polis idarəsi bu istiqamətdə mütəmadi olaraq profilaktik tədbirləri davam etdirir, lakin təəssüflə bildirmək istərdim ki, olunan xəbərdarlıqlara, görülən tədbirlərə baxmayaraq bu gün bəzi piyadalar yol hərəkəti qaydalarına qarşı qeyri-ciddi, biganə yanaşırlar. 

 

 

"Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri daha çox sutkanın qaranlıq vaxtı görmə məhdudiyyətli şəraitli yerlərdə baş verir. Piyadalara müraciət edərək, onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, məhdudiyyətli görmə şəraitində habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən o cümlədən mobil telefon yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, nizamlanma vasitələrinin tələblərinə qeyri-şəxssiz əməl etməyi, dayanacaqda gözləyərkən ictimai nəqliyyata minib-düşərkən eləcə də, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edirik".

 

Ötən il ümumi hadisə sayında 2022-ci illə müqayisədə 1,9 faizlik azalma qeydə alınıb.