Azərbaycanda güclü zəlzələlər gözlənilir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 17:57 24.01.2024

Son günlər ölkədə tez-tez zəlzələlər müşahidə olunur. Elə bu yaxınlarda da aran rayonlarında yeraltı təkanlar hiss edildi. Düzdü, zəlzələlər həmişə olub. Amma Türkiyədəki hadisələrdən sonra insanlarda bir qədər qorxu yaranıb. Hələ bu qədər tez-tez baş verməsi bu qorxunu bir qədər də artırır. Belə bir şaiələr yayılıb ki, bu il daha güclü zəlzələr ola bilər. Amma bu ifadələr nə qədər realdır? 

 

Əslində, çox hiss edilməsə də Azərbaycanda gün ərzində dəfələrlə yeraltı təkanlar baş verir. Mütəxəssislər deyir, bu müsbət haldır. Əgər xırda təkanlar baş verməsə daha güclü dağıntılarla nəticələnən zəlzələlər ola bilər.

 

Mütəxəssis Ənvər Əliyev bildirib ki, bizim zona dünyanın 3 ən məhşur seysmik zonası, dağ əmələgəlmə prosesi gedən cavan dağ sistemlərinin əmələgəlməsi olan ərazidir. 

 

"Bizim bu durduğumuz ərazi hər il 2,5 sm qalxır. Qalxma nəyə görədir? Çünki altdan yüksək təzyiqlə yerinaltındakı daxili qüvvələr bunları qaldırır. Nəticədə də mütləq zəlzələlər olmalıdır. Çünki qüvvə o qədər fantastik qüvvədir ki, onun nəticəsində yerin mütləq sirkələnməsi labüddür. Elə bir ərazidir ki, burda zəlzələrin titrəyişlərin olmağı yerin xarakterindən irəli gəlir".

 

Ötən gün Qazaxıstanda baş verən zəlzələdən sonra çoxları düşünür ki, ölkə ərazisində də güclü zəlzələlər olacaq. Seysmoloji Xidmət Mərkəzindən narahatlığa əsas yoxdur deyilir.

 

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli qeyd edib ki, ölkələrin həm ayrı geoloji quruluşu, seysmoloji quruluşu, dərinlik qırılmaları Azərbaycanla əlaqədar deyil ki, Azərbaycanda olan o zəlzələ ocaqlarına hansısa bir təsir göstərsin. 

 

"Onu da deyim ki, Azərbaycanda hal-hazırda elə bir bölgə yoxdur ki, güclü katasstrafik yəni, maqnitudu 7, 7-dən güclü zəlzələ ehtimalı gözlənilsin. Zəlzələ və vulkan püskürməsi tədqiqatlar nəticəsində müəyyən edə bilirsən ki, hansı ocaqda aktivləşmə gedir, zəlzələ baş vermə ehtimalı böyükdür. Zəlzələnin qısa müddətli proqnozu yoxdur".

 

Bir sözlə, hələki Bakıda və regionlarda güclü zəlzələlər gözlənilmir.